10:07 17-12-2021
news_image
378
FUTBOL

“Qarabağ” Patrik Andradesiz qaldı

“Qarabağ” qış təlim-məşq toplanışında daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək.

Apasport.az saytının məlumatına görə, bir neçə zədəli oyunçusu olan Ağdam təmsilçisində yarımmüdafiəçi Patrik Andrade yanvarda Kabo Verde millisinin düşərgəsində olacaq.

28 yaşlı orta sahə oyunçusu Afrika Millətlər Kubokundakı oyunlar üçün yığmasına çağırılıb. Onunla yanaşı, Məhəmməd Salah, Sadio Mane, Riyad Mahrez, Nabi Keyta, Eduard Mendi, Tomas Parti, İsmael Bennaser, Frank Kessi kimi ulduz futbolçular da turnirdə mübarizə aparacaq.

Andradenin komandası qrup mərhələsi çərçivəsində yanvarın 9-da Efiopiya, 13-də Burkina Faso, 17-də isə Kamerunla üz-üzə gələcək. Kabo Verde qrup səddini aşacağı və turnirdə irəliləyəcəyi təqdirdə, Andrade Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə ilk görüşü (1 fevral), eyni zamanda Premyer Liqanın XV turunda fevralın 7-də “Neftçi” ilə baş tutacaq matçı buraxa bilər.

Qeyd edək ki, Mamadu Kane, Mamadu Mbodj, İbrahima Vadji, Tiemoko Fofana, Sadio Tounkara, Omar Qudiabi və Anatole Abanq kimi afrikalı futbolçular Premyer Liqamızda çıxış etsələr də, onların heç biri yığmasına çağırılmayıb.