10:36 17-12-2021
news_image
197
FUTBOL

Fransa hökumətindən “Marsel”ə görə qadağalar

Fransa hökuməti futbolda azarkeş zorakılığı və xuliqanlıqla mübarizə məsələsində bəzi qərarlar qəbul edib.

Apasport.az saytının məlumatına görə, daxili işlər naziri Gerald Darmanin onları buna vadar edən səbəbin Liqa1-in XIV turu çərçivəsində noyabrın 21-də keçirilən “Lion” – “Marsel” matçında baş verənlər olduğunu söyləyib.

Tribunadan atılan yad əşya nəticəsində “Marsel”in kapitanı Dimitri Payetin xəsarət alması qarşılaşmanın təxirə salınmasına səbəb olub. Hökumət bunun qarşısının alınması üçün sərt addımlar atıb. Qərara əsasən, tribunadan atılan hər hansı bir əşya hakimə və ya futbolçuya tuş gələrsə, həmin oyun müzakirə olunmadan dərhal dayandırılacaq. Bu qərara isə klubların prezidentləri də müdaxilə edə bilməz.

Bundan başqa, oyun günləri plastik butulkaların stadion yaxınlığında satışı və arenaya gətirilməsi 2022-ci il iyunun 1-dək qadağan ediləcək.

Qeyd edək ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in bu mövsüm “Monpelye” və “Nitsa” ilə oyunlarında da azarkeşlərlə bağlı problem yaşanıb.