17:19 22-09-2008
news_image
496
STOLÜSTÜ OYUNLAR

Rəcəbov mövqeyini qorudu

Bakı. Kənan Həsənov-APA-Sport. Şahmatçıların fərdi əmsallarının hesablama sisteminin müəllifi Eduard Dubov yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport”un məlumatına görə, 30 qrossmeysterin yer aldığı siyahıda nəzərəçarpan dəyişikliklər qeydə alınıb. Belə ki, bir neçə gün əvvəl “Böyük dəbilqə” superturnirində qalib gələn Veselin Topalov (Bolqarıstan) 2794 xalla zirvəyə yüksəlib. Liderlik mövqeyini itirən hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) 2785 xalla ikinci olub. “Üçlüy”ü rusiyalı Aleksandr Morozeviç (2780 xal) qapayıb.

Azərbaycan şahmatçılarından ən yüksək göstərici yenə Teymur Rəcəbova məxsusdur. Səkkizinci pillədəki mövqeyini qoruyan 21 yaşlı qrossmeysterimizin hesabında 2747 xal var. Şəhriyar Məmmədyarov isə ilk “onluğ”u tərk edib. İki pillə geriləyən qrossmeyster 2729 xalla 11-ci yeri tutub. Ötən siyahıda 2704 xalla 18-ci olan Vüqar Həşimovun adı siyahıya düşməyib.