15:57 17-12-2021
news_image
507
TOP OYUNLARI

Faiq Qarayev: "Milli komandaya rəhbərlik etmək istəyirəm"

“İlk növbədə yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə üzv seçildiyim üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm. Bu, Azərbaycan Voleybol Federasiyasına və mənə olan böyük hörmətdir. Azərbaycanda voleybol çox sevilir. Koronavirus pandemiyası və klubların fəaliyyətini dayandırması vəziyyəti bir az pisləşdirdi. Amma Azərbaycanda voleybol çox populyardır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev Azərbaycan çempionatlarının yeni mövsümünün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, bundan sonra “Azərreyl”də fəaliyyət göstərəcəyini bildirib: “Onu da əlavə edim ki, yəqin ki, “Azərreyl”ə keçirəm, bu klubu götürürəm. Bu klub ölkə başçısının təşəbbüsü ilə yaradılmışdı. “Azərreyl” bir markadır. Federasiya prezidenti Cavid Qurbanovla da məsləhətləşdik. İndidən klubun təməli qurulur. Biz “Azərreyl”in gələn il avrokuboklarda oynamasını istəyirik. Həmişəki kimi, “Azərreyl”in bazasında milli komandanın bünövrəsi qoyulsun. Hələ gücüm var. İşləmək istəyirəm. Milli komandaya rəhbərlik etmək istəyirəm. Amma yanımdakı məşqçilərlə birlikdə bir sistem şəklində. Mənim yerim zaldır. İnanıram ki, var gücümüzü qoyub, Azərbaycan voleybolunu yüksəklərə qaldıracağıq”.

62 yaşlı mütəxəssis bu gün start götürən ölkə çempionatının çətinliklə ərsəyə gəldiyini söyləyib: “Çempionatda kifayət qədər gənc voleybolçular iştirak edir. Federasiya olaraq qoyduğumuz tələb ondan ibarətdir ki, komandalar gündə 4-5 saat məşq eləməlidir. Amma məşq üçün zallar lazımdır, yeməkləri, dincəlmək üçün otaqları olmalıdır. Federasiya bu proseslər üzərində işləyir. Ölkə çempionatını yaratmaq çox çətin idi. Yəqin ki, başqa klublar da bizə qoşular. Planımız gələn il 8 kişi, 8 qadın komandasının çıxış etməsidir. Dağılan klubların yenidən fəaliyyətini davam etdirməsini istəyirik. Cəlilabaddan 5 oyunçu gətirmişik. Boyları 195-196 sm-dir. Mənə məlumat verdilər ki, Şəkidə 2 metr boyunda üç voleybolçu var. Onlar təcili gəlməlidirlər. Onlara şərait yaratmalıyıq. Federasiya bu gün bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokubokda görmək istəyirik”.

Qarayev inventar cəhətdən heç bir problemin olmadığını deyib: “Murov” klubunun Biləcəridəki idman zalı təmir olunub. Federasiyadakı zalı görmüsünüz. “Sərhədçi” klubunun rəhbərliyi ilə geniş formatda görüş keçirilib. Onlar da bizə hər şəraiti yaradır. Bu gün 4 zal azərbaycanlı voleybolçuların məşqləri üçün hazırdır”.