17:16 18-12-2021
news_image
194
STOLÜSTÜ OYUNLAR

Fərid Qayıbov: “Vüqar Həşimov qısa ömür yaşasa da, böyük nailiyyətlərə imza atıb”

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci superturnirin təntənəli açılış mərasimi keçirilib.

Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, öncə Vüqar Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərhum qrossmeysteri həsr olunan videoçarx nümayiş etdirildikdən sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov hər il bu tədbirin yüksək səviyyədə təşkilinin dünya şahmat ictimaiyyətinin marağına səbəb olduğunu deyib: "Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir təkcə Azərbaycanda deyil, bütün dünyada maraqla qarşılanır. Mərhum qrossmeyster qısa ömür yaşasa da, böyük nailiyyətlərə imza atıb. Bu gün Həşimovun adına akademiya fəaliyyət göstərir. Həmin akademiyada onun arzuları və ideyaları reallaşdırılır. Bütün bunlara görə, Vüqar Həşimovun ailəsinə öz təşəkkürümü bildirirəm".

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Bakının “Vüqar Həşimov memorialı”na ilk dəfə ev sahibliyi etdiyini bildirib. O vurğulayıb ki, supertunirdə dünyanın aparıcı şahmatçıları iştirak edirlər: “Pandemiya səbəbindən, 2020-ci ildə mötəbər şahmat turniri baş tutmadı. Ancaq həmin il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız  erməni təcavüzündən azad edildi. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri keçirilir. Ümid edirəm ki, gələcəkdə bu turnir həmin ərazilərdə təşkil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Həşimovun xatirəsinə turnirin təşkil olunmasına ilk gündən böyük diqqət ilə yanaşıb. Ölkə başçısı İlham Əliyev hər zaman idmançıların yanında olub və şahmatçılarımız da bu qayğını həmişə hiss ediblər. Bu səbəbdən bütün şahmat ailəsi adından Azərbaycan Prezidentinə təşəkkürümüzü bildiririk”.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq ənənəvi hal alan belə mötəbər yarışın keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, bunu Azərbaycan xalqının öz oğluna sahib çıxmasının bariz nümunəsi adlandırıb və bütün təşkilatçılara təşəkkürünü çatdırıb: “Əvvəlki 6 turnir Şəmkirdə təşkil olunub. Bakı ilk dəfədir yarışa ev sahibliyi edir. Builki turnirdə Vişvanatan Anand, Fabiano Karuana, Sergey Karyakin kimi dünya çempionları iştirak edirlər. Bu da turnirin yüksək səviyyədə olmasından xəbər verir”.

Oğlunun ideyalarından danışan Həşimov mərhum qrossmeysterin yüksək insani keyfiyyətlərindən və mübarizliyindən söz açıb.  

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirdə hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi turnirin reqlamenti barədə məlumat verib. 

Daha sonra yarışın püşkü atılıb. 

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparacaqlar.
Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. 

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.