12:05 21-12-2021
news_image
195
FUTBOL

PFL rəhbəri: “Komandanın rəhbəri olsaydım, indi həbsxanada idim”

“Qarabağ”ın “Bazel”ə vurduğu qol sayılmayanda az qala infarkt keçirmişdim”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ın “Bazel”lə səfər matçında sayılmayan qoluna münasibət bildirərkən deyib.

Ağdam təmsilçisinin 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın 2-ci dəqiqəsində Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, xorvatiyalı hakimlər briqadası qolu qeydə almamışdı.

İTV-də yayımlanan “Bol idman” verilişinin qonağı olan Musayevin fikrincə, referilərin bunu görməməsi mümkün deyildi: “O epizodda heç VAR-a ehtiyac yox idi. Bir şeyə məəttəl qaldım ki, Qurban Qurbanova Allah böyük səbir verib. Mən komandanın rəhbəri olsaydım, indi həbsxanada idim. Çünki yüz faiz həmin anda meydana çıxardım. Məni orada saxlamaq olardı? Bu boyda vicdansızlıq, insafsızlıq olmaz”.

Qeyd edək ki, “Bazel”ə məğlubiyyətə görə qrupda ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsində Fransa klubu “Marsel”lə qarşılaşacaq.