17:59 21-12-2021
news_image

Güləşçimiz erməniyə qalib gələrək komandasını Fransa çempionu etdi

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın üzvü İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. 

Güləşçimiz 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub. 

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.