10:28 24-12-2021
news_image
3706
FUTBOL

Postsovet ölkələri arasında “Qarabağ” birinci, "Alaşkert" son pillədə

“Qarabağ” avrokubokların qrup mərhələsində ən çox xal toplayan postsovet məkanı təmsilçisidir.

Apasport.az saytının məlumatına görə, keçmiş SSRİ-ni bu raundda 10 klub təmsil edib.

Bu klublardan dördü Çempionlar Liqası, ikisi nisbətən aşağı səviyyəli Avropa Liqası, dördü isə yeni yaranan və üçüncü kateqoriyalı olan Konfrans Liqasında mübarizə aparıb. “Qarabağ” da sonuncu “dördlük”də olub.

Ağdam klubu qrupda 11 xal toplamağı bacarıb. Bu, təkcə Konfrans Liqası deyil, qrupdakı bütün postsovet məkanı komandaları arasında ən yüksək göstəricidir. 

Düzdür, Qurban Qurbanovun yetirmələrinin çıxış etdiyi yarış nə Çempionlar Liqasıdır, nə də Avropa Liqasıdır. Amma istənilən halda 11 xal digər komandaları qabaqlamaq üçün yetərli olub. Üçüncü dərəcəli klub turnirində iştirak edən digər komandalar – “Kayrat”, Flora” və “Alaşkert” hamısı birlikdə “Qarabağ”dan az cəmi 8 xal yığıb.

Ümumiyyətlə Azərbaycan futbolunun liderinin zirvədə olduğu siyahıda sonuncu sırada Ermənistan təmsilçisi yer alıb. İki klub arasında 11 qat fərq var.

Daha nüfuzlu turnirlərdə mübarizə aparan postsovet məkanı təmsilçilərinə gəlincə, Çempionlar Liqasında “Şerif” ən yaxşı olub. Moldovalılar 7, “Zenit” 5, “Şaxtyor” 2, Kiyev “Dinamo”su bir xal toplayıb.

Avropa Liqasında isə “Spartak” 10, “Lokomotiv” ki xal yığıb. Rusiya futbolunun flaqmanı bu 10 xalla postsovet məkanında ikinci göstəriciyə malikdir.

Ölkələrə nəzər salsaq, Rusiya daha çox – üç, Ukrayna iki komanda ilə qrupa düşüb. Digər 5 ölkənin hərəsindən bir komanda qrupa düşüb. Bunlar Azərbaycan, Ermənistan, Qazaxıstan, Moldova və Estoniyadır. UEFA-ya üzv olan 11 ölkədən dördü isə qrupda olmayıb. Bunlar Belarus, Gürcüstan, Litva və Latviyadır.

Postsovet klubları qrupda
1. "Qarabağ" (Azərbaycan) - 11 (KL)
2. "Spartak" (Rusiya) – 10 (AL)
3. "Şerif" (Moldova)- 7 (ÇL)
4. "Zenit" (Rusiya)– 5 (ÇL)
5. "Flora" (Estoniya) – 5 (KL)
6. "Şaxtyor" (Ukrayna) – 2 (ÇL)
7. "Lokomotiv" (Rusiya) – 2 (AL)
8. "Kayrat" (Qazaxıstan) – 2 (KL)
9. "Dinamo" (Ukrayna) – 1 (ÇL)
10. "Alaşkert" (Ermənistan) – 1 (KL)