00:00 25-12-2021
news_image
1469
FUTBOL

Vəli Qasımovdan məsləhət: “Mahir Emreli komandasını dəyişməlidir”

“Mahirin “Legiya”da bəxti gətirmədi. Varşava təmsilçisi Polşanın əfsanəvi komandasıdır. Buna görə də, azarkeşlər son pillələrdə yer almalarını qəbul eləmirlər”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan tarixinin ən yaxşı futbolçularından sayılan Vəli Qasımov “Legiya”da çıxış edən Mahir Emrelinin hazırkı durumu barədə danışarkən deyib.

Varşavalı azarkeşlərin hücumuna məruz qalaraq xəsarət alan və komandadan ayrılmaq fikrinə düşən Emreli barədə danışan Qasımov ona “Legiya”dan ayrılmağı məsləhət görüb: “Legiya”nın uğursuz çıxışında Mahirlik heç nə yoxdur. O, öz işini düzgün görüb, yaxşı oyun göstərməyi bacarıb. Elə futbolçu yoxdur ki, bütün qol vəziyyətlərində fərqlənə bilsin. “Legiya” azarkeşlərinin komandaya olan qəzəbi Mahirə də ziyan vurdu. “Legiya”nın durumunu nəzərə alsaq, məncə, Mahir komandasını dəyişməlidir. İmkanı varsa, oradan getsə, yaxşı olar. Çünki yaxşı formadadır. Təbii ki, Azərbaycana gəlməmək şərti ilə”.

Futbolçu karyerası ərzində Ukrayna, Rusiya, İspaniya, Portuqaliya kimi ölkələrdə legioner həyatı yaşamış 53 yaşlı mütəxəssis hesab edir ki, Emreli texniki oyuna üstünlük verən ölkələrdən birinə yollanmalıdır: “Mahir komandasını dəyişsə belə, mütləq Avropada qalmalıdır. Orada oynaya bildiyini artıq sübut elədi, qollar vurdu. Texnikalı oyunçudur və yaxşı sürəti var. Bu özəlliklərə üstünlük verilən ölkələrdə oynaması yaxşı olardı. Məsələn, Almaniyada, İspaniyada oynaya bilər. Təbii ki, komanda seçimini də düzgün etməlidir. Amma fiziki gücə üstünlük verilən ölkədə oyunu alınmaz. Bizdə Avropaya uyğun oyun göstərən yeganə komanda “Qarabağ”dır. Mahirə də Avropada bu tip klub lazımdır”.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.