14:41 25-12-2021
news_image
1590
FUTBOL

Vəli Qasımov: “Neftçi”də komanda daxilində narazılıq var” – MÜSAHİBƏ

Şamaxı Futbol Klubunun akademiyasında koordinator vəzifəsində çalışan, veteran futbolçu Vəli Qasımovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın ilk yarısı artıq geridə qaldı. “Qəbələ”nin qış fasiləsinə ikinci pillədə yollanması sizin üçün təəccüblü olmadı?
- “Qarabağ”ı bir kənara qoysaq, “Qəbələ” mövsümün ilk yarısında çox gözəl futbol göstərdi. Bu komanda bütün rəqiblərə qarşı yüksək səviyyədə mübarizə aparmağı bacarır. Cavan akademiyaları var və öz yetirmələri ilə uğurlu nəticə əldə edirlər. İkinci yarıda bu qaydada oynayıb-oynamayacaqlarını bilmirəm. Ancaq istənilən halda “Qəbələ”yə halaldır. Sevindirici haldır ki, “Qəbələ” Azərbaycan futboluna çox sayda futbolçu bəxş edir. Belə klublarımızın sayı çox olsa, daha çox futbolçu yetişdirmək mümkün olardı.

- “Zirə” avrokuboklar uğrunda mübarizə aparır, “Sabah” son vaxtlar sürət yığıb. Bunu nəzərə alsaq, ikinci yarıda ilk “üçlük” uğrunda daha gərgin mübarizə gözləmək olar?
- Çempionat bu mövsüm maraqlı keçir. Komanda sayı az olsa da, bəziləri yaxşı oyun göstərirlər. Elə “Zirə”ni vurğulamaq olar. “Sabah” öz oyununu hələ tapa bilmir. Düzdür, yeni baş məşqçi Murad Musayevin gəlişindən sonra oyunlarında dəyişiklik hiss olunur. Amma düşünürəm ki, istədikləri səviyyəyə hələ gəlməyiblər. Məncə, “Sabah” daha yaxşı çıxış edəcək. Çünki onların zəngin heyəti və yaxşı futbolçuları var.

- Son çempion “Neftçi” ilk yarıda ürəkaçan nəticələr göstərə bilmədi. Sabiq komandanızın bu uğursuzluğunun səbəbini nədə görürsünüz?
- Yalnız bir səbəb var: komanda daxilində narazılıq var. Bunu mən deməsəm belə, hamı bilir. Matçlarına baxıram, futbolçular yüz faiz güclə oynamırlar. Komandanın içində nəsə var ki, oyunçular bacarıqlarını göstərmirlər. Qeyri-stabillik də nəticəyə təsirsiz ötüşmür.

- Baş məşqçi Samir Abasov yerli futbolçuların zəif olmasından şikayətlənmişdi. Ola bilərmi ki, onun bu açıqlamasına qəzəblənən oyunçular qəsdən öz güclərini ortaya qoymurlar?
- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Samir Abasov bəlkə başqa formada demək istəyib. Kənardan pis alındı. Azərbaycanlı futbolçularla bağlı nələrin yaşandığını hamımız bilirik. Buna görə də ilk olaraq yerli oyunçulara dəstək vermək lazımdır.

- İndidən “Qarabağ”ı çempion saymaq olar?
- “Qarabağ” stabil çıxışı ilə göstərir ki, çempionluğa çox yaxındır. Düzdür, bəzi komandalar özlərini yaxşı tərəfdən göstərirlər. Amma indiki durumda “Qarabağ”ı qabaqlamaq çox çətin görünür.

Ruslan Sadıqov