17:55 05-01-2022
news_image
2392
FUTBOL

“Sumqayıt”ın gətirdiyi “casus”

Premyer Liqanda mövsümün ikinci yarısına hazırlığa bu gün start verən “Sumqayıt” yeni baş məşqçisi Aleksey Baqanın rəhbərliyi altında məşq edəcək.

Apasport.az saytının məlumatına görə, belaruslu mütəxəssisin bu vəzifəyə gətirilməsi bu ölkədə də diqqətdən kənar qalmayıb.

Həmkarlarımız “Sumqayıt” barədə geniş yazı hazırlayıblar. “Sumqayıt” nədir? Aleksey Baqa yenə postsovet məkanını fəth edir” başlıqlı yazıda maraqlı məqam diqqət çəkir.

Millətlər Liqasında Azərbaycan yığmasına rəqib olan belaruslular üçün Baqa ölkəmizə göndərilən “casus” xarakteri daşıyır. Həmkarlarımız “Sumqayıt”ın baş məşqçisinin millimizi öz həmyerlilərinə “satacağı” qənaətindədir: “Maraqlıdır ki, yığmaların görüşü ötən oyundan bir il sonra, yenə belarusluların meydanında baş tutacaq. Bu, bizim Millətlər Liqasında ilk ev matçımız olacaq. Bir həftə sonra isə azərbaycanlıların qonağı olacağıq. Əgər yayda rəqibin heyətində “Sumqayıt”ın futbolçuları az olsa belə Georgi Kondratyev bu görüşlər öncəsi Aleksey Baqadan yaxşı ekspert, məsləhətçi tapa bilməz. Axı bu yığmanın özəyini istənilən halda daxili çempionatdan olan oyunçular təşkil edir. Bir sözlə - yadlar içində özümüzünkü”.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları Millətlər Liqasının C liqasının 3-cü qrupunda mübarizə aparacaq.