16:00 06-01-2022
news_image

Yığmalarımız Bakını tərk edir – biri Gürcüstana, digəri Rusiyaya yollanacaq

Güləş üzrə milli komandalarımız 2022-ci ilin ilk günlərindən məşqləri bərpa edib.

Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə yığmamız yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək. 

Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü gündə iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. TMT baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.

Digər iki millimiz isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq. Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tbilisidə təlim-məşq toplanışı keçəcək. Qadınlarımız yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda qarşıdakı yarışlara hazırlaşacaq. Komandamız toplanış başa çatdıqdan sonra 2022-ci ildə ilk turnirində iştirak edəcək. Təmsilçilərimiz yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıgin "Qran-pri"sində mübarizə aparacaq.