11:57 07-01-2022
news_image
2670
FUTBOL

AFFA-nın “Krasnodar” israrı – Süleymanov hədəfdə

“Krasnodar”ın sabiq baş məşqçisi Murad Musayevdən sonra Rusiya klubunun bir futbolçusu da ölkəmizdə çıxış edə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bu dəfə hansısa klub yox, milli komanda üçün.

Söhbət “Krasnodar”ın ön xətt oyunçusu Məhəmməd-Şəfi Süleymanovdan gedir. AFFA uzun müddətdir izlədiyi mahaçqalalı futbolçunun milliləşdirilməsində israrını davam etdirir. Ötən ilin yayından Türkiyə Super Liqa təmsilçisi “Giresunspor”da icarə əsasında çıxış edən 22 yaşlı vingerlə danışıqlar davam edir. Assosiasiya millinin növbəti toplanışına qədər bu məsələni yekunlaşdırmağa çalışır.

Keçən ay 22 yaşı tamam olan Məhəmməd-Şəfi Süleymanov universallığı ilə seçilir. 2017-ci ildən əsas komandasına cəlb olunan “Krasnodar”ın yetirməsinin əsl mövqeyi sağ vinger olsa da, hücumun istənilən xəttində və pleymeyker mövqeyində çıxış etməyi bacarır. Rusiyanın əsas millisindən başqa aşağı yaş qrupları üzrə yığmalarının hamısına çağırılan gənc hücumçu Premyer Liqada 82 oyunda 16 qol vurub.

Qeyd edək ki, Şəfi Süleymanov bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 16 matçda aktivinə 1 qol, 3 assist yazdırıb.