13:50 11-01-2022
news_image
141
DİGƏR NÖVLƏR

Triatlon Federasiyasının prezidenti: “Dedik ki, o, tək bir adamın məşqçisi olmasın”

“Fikirləşdik ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Rostislav Pevtsovun xidmətindən istifadə edək. O, Olimpiadaya lisenziya qazana bilər”.

Bunu apasport.az saytına Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev deyib.

O, beynəlxalq yarışlarda əcnəbilərin təmsil etdiyi Azərbaycan yığmasının üzvü Kseniya Levkovskayanın karyerasını bitirməsindən sonra onun əvəzinə yeni legioner gətirilməsinin mümkünlüyə münasibət bildirib. Qurum rəhbəri yerli idmançıların inkişafı barədə də danışıb: “Yəqin ki, Pevtsovun da fikri bizimlə davam etməkdir. Məşqçisi Sergey Yatsenko ilə danışıq aparırıq. Dedik ki, o, tək bir adamın məşqçisi olmasın. Bizim üç perspektivli idmançımız var. Onların təxminən 20 yaşı var. Peşəkar yarışlarda təcrübələri böyük deyil. İstəyirik ki, onlar təcrübəli mütəxəssisin rəhbərliyi altında lazımi formanı yığsınlar. Təbii ki, həmin idmançılar Paris-2024-ə çatdırmayacaqlar. Los-Anceles-2028-i hədəf kimi qoyuruq. Bu, birinci məqsəddir. İkinci məqsədimiz isə bu idman növünü kütləviləşdirməkdir”.