16:27 11-01-2022
news_image
358
STOLÜSTÜ OYUNLAR

8 il əvvəl son gediş: Ulduzlar sönmür, Vüqar - VİDEO

“O, çox böyük ürəyə sahib idi. Hamıya yaxşı münasibət bəsləyər, özündən balacalara örnək olardı. 2009-cu ildə Avropa çempionu olandan sonra ATV-yə canlı bağlantı zamanı “Azərbaycan səni çox sevirəm” demişdi. Qızıl medalı qazanandan sonra “Azərbaycan hələ olimpiya çempionu da ola bilər” söyləmişdi. Onun ən böyük arzularından biri məhz şahmat olimpiadasında mükafatçılar sırasına düşmək idi. Vüqar Həşimov üzərində daha çox işləmək və şahmat tacı uğrunda mübarizəyə qoşulmaq istəyirdi”. 


Bu sözləri tanınmış idman jurnalisti Sənan Şəfizadə demişdi bir zaman. Ölümündən sonra. Hə, o, şahmat tacı uğrunda mübarizəyə qoşulmaq istəyirdi... 
Amma getdi...
O, komandanın lideri idi, millinin arxasınca aparırdı. Sonacan edə bilmədi bunu. Amansız xəstəlik Almaniyada, müalicə olunduğu klinikada cavan canını aldı. Və getdi. 8 il əvvəl elə bu gün SON GEDİŞİNİ ETDİ. 

“Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, mən qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi”. İllərdir şahmat tacını heç kimə verməyən norveçli qrossmeyster Maqnus Karlsen deyir bu sözləri.
Ölümündən iki gün sonra ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti yazırdı: “Azərbaycanlı qrossmeyster dünyanın aparıcı şahmatçılarından biridir. Vüqar Həşimov riski sevən şahmatçı idi”.

Hə, riski sevirdi. Hətta canı ağrıya-ağrıya belə həyatını riskə qataraq mötəbər turnirlərə qatılırdı, qalib çıxırdı.
 “Vüqar Həşimovun ölümü bizi üzdü. Xəstə olduğunu bilirdik. Ancaq ümid edirdik ki, mübarizədən qalib ayrılacaq. Fikirlərimi izah etməyə söz tapa bilmirəm”. İllərdi komanda yoldaşı olmuş Teymur deyir. 
“27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Onunla heç vaxt görüşməmişəm. Həşimov dünyanın ən güclü “onluğ”una daxil olmuşdu. Çox təəssüflənirəm”. Kasparov deyir.
Bunu isə Levon Aronyan: 
“28 yaşında dünyasını dəyişən istedadlı qrossmeysterin dünyasını dəyişməsi bütün şahmat ailəsinə pis təsir edib. İnsan bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, bu, çox acıdır. Onun ölümü mənim üçün çox kədərlidir”.

***
Onun da heyətində yer aldığı millimiz 2007-ci ildə Avropa üçüncüsü olmuşdu. 2009-cu ildə Serbiya keçirilən AÇ-də millimizin son oyunu Vüqarın öhdəsinə düşmüşdü. 6 saatlıq gərgin oyundan sonra Həşimovun qələbəsi Azərbaycana Avropa Çempionluğu gətirmişdi. 


Heç kimə sirr deyil ki, Vüqarla Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə, o, yığma komandanın heyətindən uzaqlaşdırılır. Bəlkə də onun ardı-arası kəsilməyən uğurları bəzilərinin xoşuna gəlmirdi. Amma ona qarşı ədalətsizlik olmuşdu. Özü də göz görəsi bir ədalətsizlik. Heç vaxt bağışlanmayacaq...
FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında o, Teymur Rəcəbovu qabaqlayaraq, 11-ci yerdə qərarlaşır. 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliya” şahmat turnirinin qalibi olur.
Bacısı Samirə deyir ki, Vüqar Həşimov şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Pianinoya isə onu qardaşı Sərxan yazdırıbmış. Çox sevdiyi bir mahnını pianinoda ifa etmək israrı...
Poeziyanı sevirmiş. Boş vaxtlarında futbol və böyük tennislə məşğul olurmuş. Fenomenal yaddaşı varmış, 7 dildə sərbəst danışırmış.

“Vüqar, mən heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın saysız-hesabsız gözəl anlara görə çox sağ ol. Sən, daim mənim ürəyimdə olacaqsan, yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər”. 
Bunu isə o deyir. Son anacan onun yanında olan, onu dünyalar qədər sevən Elizabet.
2014-cü ildən Azərbaycanda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilir. Bu turnirə dünya şahmatının bütün ulduzları qatılıb. Maqnus Karlsen, Fabiano Karuana, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev...
Sanki Vüqarın işığına yığışırlar 7 ildir.


2016-cı ildə Vüqar Həşimov adına Şahmat Akademiyası fəaliyyətə başlayıb. Neçə-neçə vüqarların parlayacağı məktəb...

Səbuhi Sədəf