16:17 14-01-2022
news_image
1082
FUTBOL

Fərid Haqverdiyev: “Legiya”nın arqumenti ola bilər ki, getmək istəyirdi, bu hadisə bəhanədir”

Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü Fərid Haqverdiyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı vəziyyətdən yəqin ki, xəbərdarsınız. Futbolçu azarkeşlər tərəfindən döyüldüyü üçün klubu “Legiya”ya qayıtmaq istəmir, Polşa təmsilçisi isə onu məşqlərə dəvət edir. Çıxış yolu nədədir?
- Mahirin türkiyəli vəkilinin açıqlaması ilə tanış oldum. O bildirib ki, ilkin olaraq klubla müzakirə aparılıb, hələ rəsmi qaydada FIFA-ya müraciət edilməyib. Əgər klubla danışıqlar qənaətbəxş nəticələnməsə, müqavilənin birtərəfli pozulması üçün hökmən bunu FIFA-ya təqdim etmək lazımdır. Bu halda ali futbol qurumunun mübahisəyə baxan orqanı qərar verəcək ki, müqaviləyə üzrlü səbəbdən xitam verilir, yoxsa Mahir sözləşməsinin sonuna kimi “Legiya”da qalmalıdır. FIFA Emrelini haqlı çıxarsa, futbolçu azad agent statusu alacaq və rahat şəkildə başqa kluba keçə biləcək. Yox, əgər müqaviləyə əsassız şəkildə xitam verildiyi qərarına gəlinsə, futbolçu müəyyən təzminat ödəməyə məhkum edilə bilər. Belədə “Legiya” tələb etsə, klubuna qayıtmalıdır və buraxdığı məşqlərə görə cərimə tətbiq oluna bilər.

- İndiki durumda hansı tərəf haqlı görünür?
- Birmənalı şəkildə nəsə demək mümkün deyil. Çünki belə məsələlərə detallı baxılır. İşin hallarından çox şey asılıdır. Məsələn, bolqar futbolçu Penev vaxtilə sırf təhlükəsizliyə görə müqaviləni ləğv eləmişdi və FIFA onu haqlı çıxarmışdı. Məhkəmə hesab eləmişdi ki, işə götürən klub futbolçunun mühafizəsini təmin etməli, onu azarkeşlərdən qorumalı idi. Hər bir halda təhlükənin bundan sonrakı reallığı müzakirə olunmalıdır. Bir misal da çəkim. Ariel Orteqa “Fənərbaxça”dan ayrılanda müraciətində əsas gətirmişdi ki, təhlükə var, terror hadisələri baş verir. Ancaq bunu arqument kimi qəbul etməmişdilər. Çünki deyilmişdi ki, sırf futbolçuya münasibətdə bu təhlükə yoxdur. Mahirin vəkili bundan sonra da təhlükənin davam elədiyini sübut eləsə, həmçinin klub müqaviləyə üzrə onu qoruyacağını üzərinə götürsə də, mühafizəni təmin etmirsə, müqaviləyə xitam verilə bilər. Eyni zamanda xəsarətin dərəcəsindən çox şey asılıdır. Xırda bir kəsik sözləşməyə xitam vermək üçün əsas deyil. Ancaq ciddi, hətta futbol həyatına təhlükə törədəcək xəsarətdirsə, bu halda futbolçu haqlı çıxarıla bilər. Yenə də işə baxan heyətdən və təqdim edilmiş sübutlardan çox şey asılıdır.

- Mahirdən fərqli həmin hadisədə xəsarət alan digər futbolçu Lukinyas isə “Legiya”nın düşərgəsinə qoşulub. Bu amil millimizin üzvünün əlini zəiflətmir?
- Açığı, düşünmürəm. Bəlkə həmin oyunçu qismən və ya çox zəif xəsarət alıb. Səhv eləmirəmsə, başqa futbolçulara da xəsarət yetirilib, ancaq onlarda vəziyyət o qədər də ağır olmayıb. İstənilən halda digər futbolçunun şikayət edib-etməməsi Mahirə münasibəti dəyişmir.

- Hadisə zamanı klub və ya futbolçu tərəfindən Polşa polisinə müraciət edilərək, məsələni yerindəcə həll etmək mümkün deyildi?
- Polisə müraciət olunsa belə, müqavilə məsələsinə FIFA baxmalıdır. Polis xəsarət yetirən şəxsi tapa, Mahir ittiham irəli sürə bilər. Bu, futbolçunun klubu ilə şəxsi müqaviləsinə heç bir təsir göstərməyəcək. Sadəcə, vəkili məsələnin ciddiliyini göstərmək üçün əlavə arqument kimi irəli sürə bilər ki, polisə də müraciət olunub, işlə bağlı hazırda araşdırma gedir.

- Proseslərin gedişindən bir vəkil kimi nə gözləyirsiniz?
- Türkiyəli vəkil bildirib ki, ekspert rəyi alınıb, bütün sənədləşmə yerli-yerində olub, Polşa klubu təhlükəsizlik məsələsini üzərinə götürmür. Bütün bunları ümumiləşdirsək, məncə, Mahirin uğur qazanmaq şansı var. Məsələnin detallarından və FIFA-da işə baxan heyətin daxili inamından çox şey asılıdır. Onlar təhlükəni qiymətləndirəcək. Mahirin hazırkı vəziyyəti də önəmlidir. Futbolçu, həqiqətən də, klubda qalmaq istəyib, sadəcə baş verən hadisədən sonra çəkinib? Yoxsa əvvəldən müqaviləyə xitam vermək niyyətində olub, bu hadisə bəhanədir? Bunlar çox önəmli məqamlardır. Çünki elə hal olur ki, futbolçu noyabrdan gedəcəyini açıqlayır, klubla bu istiqamətdə danışıqlara başlayır. Belədə “Legiya”nın arqumenti ola bilər ki, getmək istəyirdi, bu hadisə bəhanədir.

- FIFA-ya müraciətdən sonra yekun qərarın açıqlanması üçün nə qədər vaxt tələb olunur?
- FIFA-ya hələ müraciət olunmayıbsa, ən azı 15-20 gün çəkəcək. Çünki qurum daxil olan müraciəti əvvəlcə araşdırır, qarşı tərəfin də izahatını yazılı şəkildə alır. Ondan sonra iclas təyin olunur. Yəni prosesin müəyyən qədər uzanması istisna deyil. Dəqiq vaxt demək mümkün deyil. Mənim praktikamda bir ay da olub, ondan artıq da. İstənilən halda rəsmi müraciətin ardından düşünmürəm ki, 15-20 gündən tez qərar açıqlanar.

- Məlumdur ki, FIFA Emrelini haqlı çıxarsa, futbolçu azad agent statusunda istənilən kluba keçə bilər. Bəs bunun əksi yaşanarsa, növbəti mərhələdə nələr olacaq?
- Mahir qərardan narazı qalsa, İdman Arbitraj Məhkəməsinə şikayət verə bilər. Onların da çıxaracağı qərar yekun olacaq.

- Ancaq İdman Arbitraj Məhkəməsi çox gec qərar verə bilər. Bu müddətdə futbolçu nə etməlidir?
- Bəli, qərar gec ola bilər. Məsələn, arzuolunmaz qərar çıxsa və şikayət verilsə, məsələyə İdman Arbitraj Məhkəməsində baxılana kimi futbolçu FIFA-nın qərarını icra etmək məcburiyyətində olacaq. Ancaq bəzi hallarda oyunçunun müvəqqəti olaraq başqa klubda oynamasına da icazə verilir. Təkcə kompensasiya ilə müqavilənin ləğvinə qərar verilsə, o zaman həmin pulu ödəmək şərtilə yeni kluba qoşulmağa icazə verilir.

- Bəs FIFA-nın klubun lehinə verəcəyi qərardan sonra futbolçu yenə də komandaya qoşulmaq istəməsə, onu daha böyük sanksiya gözləməz?
- Bəli, belədə çox ciddi sanksiyalar ola bilər. Başqa komanda ilə müqavilə imzalasa, hətta həmin klub da məsuliyyət daşıyacaq. Amma belə hallarda adətən kompensasiya məbləği müəyyən edirlər. İstənilən halda futbolçu ilk növbədə mütləq kluba yazılı şəkildə müraciət etməlidir ki, müqaviləmə xitam verilsin. Mahir bunu edibsə, artıq hüquq prosedur başlayıb. Çünki klubun əlində oyunçunun niyyətini bildirən rəsmi sənəd var.

Ruslan Sadıqov