18:46 22-01-2022
news_image
497
FUTBOL

Aleksey Baqalı “Sumqayıt” Antalyada qələbəyə həsrət qaldı

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada keçən “Sumqayıt” bugünkü yoxlama oyunu ilə toplanışı başa vurub.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi qardaş ölkədə son sınağına çıxıb.

Yeni baş məşqçi Aleksey Baqa yetirmələrini Şimali Makedoniyanın “Şkupi” klubu ilə görüşdə yoxlayıb. Qarşılaşmada hesabı birinci hissədə rəqib açıb. 62-ci dəqiqədə təmsilçimiz avtoqol sayəsində status-kvonu bərpa etsə də, çox keçmədən “Şkupi” qələbə qoluna imza atıb - 2:1.

Bununla “Sumqayıt” Antalya toplanışını qələbəsiz yekunlaşdırıb. Premyer Liqanın bürünc mükafatçısı hazırlıq çərçivəsində buna qədər “Yagelloniya” (Polşa) ilə qolsuz bərabərə qalıb, “Berliner”ə (Almaniya) 2:5 hesabı ilə məğlub olub. Aleksey Baqa isə ilk qalibiyyət sevincini yaşamaq üçün fevralda bərpa olunacaq ölkə kuboku və ya Premyer Liqanı gözləməli olacaq.

Yoxlama oyunu
22 yanvar
17:00. “Sumqayıt” – “Şkupi” (Şimali Makedoniya) - 1:2