10:01 04-02-2022
news_image
200
FUTBOL

Rafael Utziq: “Azərbaycanda buna öyrəşmişəm”

“Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda çox vacib nəticə qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziq “Sumqayıt” üzərində 1:0 hesablı səfər qələbəsi qazandıqları kubok matçı barədə danışarkən deyib.

Braziliya mətbuatına danışan 26 yaşlı hücumameyilli oyunçu Sumqayıtda əldə olunan qalibiyyətlə yarımfinala bir addım yaxınlaşdıqlarını söyləyib. Ancaq o, hər şeyin fevralın 13-dəki cavab görüşündə həll ediləcəyini bildirib: “Evdəki cavab oyununa cüzi üstünlüklə çıxacağıq. Təbii ki, öz meydanımızda da öz oyunumuzu diktə etməliyik. Hələ heç nə müəyyənləşməyib”.

Utziq matç günü hava temperaturunun 4 dərəcəyə düşməsinə baxmayaraq, soyuqda oynamağa öyrəşdiyini vurğulayıb: “İki ilə yaxındır Azərbaycandayam və bu, artıq öyrəşdiyim bir şeydir. Bütün maneələri dəf edib üstün olmağa çalışmalıyıq”.

Qeyd edək ki, Rafael Utziq cari mövsüm 13 oyunda 4 qola imza atıb.