15:01 10-02-2022
news_image
631
FUTBOL

“Beşiktaş”ın baş məşqçisi Azərbaycan klubunu çalışdıra bilər

“Beşiktaş”ın baş məşqçisi Önder Karaveli karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə fotosport.az saytı məlumat yayıb.

Bildirilib ki, vaxtilə “Qarabağ”da çalışmış 48 yaşlı mütəxəssis mövsümün sonunda İstanbul təmsilçisinin baş məşqçi postunu tərk edəcək. “Ağ-qaralar” onu yayda təyin olunacaq baş məşqçinin köməkçilərindən biri kimi saxlamaq niyyətindədir.

Ancaq Azərbaycan klublarının onunla maraqlanması məşqçinin fikrinə təsir edə bilər. Xüsusən də, “Beşiktaş”dakı fəaliyyətinin Azərbaycanın bir neçə klubunun diqqətini cəlb etdiyi vurğulanıb. Adları açıqlanmayan Premyer Liqa təmsilçilərinin mövsümün sonunda onu baş məşqçi postuna gətirmək istədiyi bildirilib.

Həmçinin yazıda o da əlavə olunub ki, AFFA-nın bəzi rəsmiləri Canni de Byazidən sonra Azərbaycan millisinin sükanı arxasına məhz Karavelinin keçməsinin tərəfdarıdır.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək “Qarabağ”da futbol akademiyasının koordinatorunun köməkçisi kimi fəaliyyət göstərib.