16:21 13-02-2022
news_image
153
FUTBOL

Qışda transfer etməyən NƏHƏNGLƏR

Futbolda qış transfer dönəmi komandaların boşluqlarını doldurması baxımından önəmli şansdır.

Apasport.az saytının məlumatına görə, bəzən klublar dövrələrarası fasilədə yeni transferə ehtiyac duymur.

Bu da heyətin qorunub-saxlanması istəyindən və qışda səviyyəli oyunçu almağın çətinliyindən qaynaqlanır. Bu yazıda da qış fasiləsində transfer etməyən 6 nəhəng klubu diqqətinizə çatdıracağıq.

PSJ
Yay fasiləsinin ən hərəkətli komandası PSJ qış dönəmini səssiz keçirib. Liqa1-in vahid lideri mövsümün əvvəlində Lionel Messi, Serxio Ramos, Canluici Donnarumma, Əşrəf Hakimi, Corcino Veynaldum kimi ulduzları heyətinə qatıb.

“Mançester Yunayted”
“Qırmızı şeytanlar” mövsümün əvvəlində Kriştiano Ronaldo, Rafael Varan və Ceydon Sanço transferləri ilə diqqət çəkib. Bunun fonunda uğursuz çıxış edən komandaya qışda əlavə oyunçu alınmayıb.

“Real”
Son illər transfer bazarında passiv nəzərə çarpan “Real” ötən yay yalnız David Alaba və Eduardo Kamavinqanın keçidi ilə kifayətlənib. Xeyli sayda oyunçu yola salınmasına baxmayaraq, rəhbərlik mövsümün gedişində əlavə transferə ehtiyac duymayıb.

“Çelsi”
“Çelsi” yayda Romelu Lukakunu qaytarmaqla 2021/22 mövsümünün ən bahalı ikinci transferini reallaşdırıb. London təmsilçisi hələ də belçikalıdan gözlədiyini ala bilməyib. Ancaq yenə də yanvarda başqa transfer etməyib.

“Bavariya”
“Bavariya” “Leypsiq”in iki aparıcı oyunçusu Dayot Upamekano və Marsel Sabitzeri transfer edərək mövsümə başlayıb. Bundesliqanın lideri qış fasiləsində özünü əlavə xərcə salmayıb.

“Borussiya”, Dortmund
“Bavariya”nın Almaniyadakı əsas rəqibi “Borussiya” da dövrələrarası dönəmdə heyətinə əl dəyməyib.