14:18 14-02-2022
news_image
5046
FUTBOL

Adı "Sabah" yox, "Dünən" olmalı idi

“Dünən və dünəndəkilərlə mübarizə aparmağı burax artıq. Yanında olanlarla sabaha baxmağı da sına”. Mərhum türkiyəli şair və yazıçı Cemal Süreya bu məşhur fikirləri sanki bizim “Sabah” üçün yazıb.

Apasport.az xəbər verir ki, bakılılar Premyer Liqa təmsilçiləri arasında ən gec yaranan klub olsa da, elə dünənində də qalıb.

Qısa ömrü pul axını fonunda uğursuzluq olan paytaxt komandası bunların qurbanı kimi bir qayda olaraq ya baş məşqçiləri seçir, ya da vəziyyəti sığortalamaq üçün dava-dalaşla, hay-həşirlə hamını “neprav” çıxarmağa çalışır.

Mövsümə biabırçı nəticələrlə başlayan “Sabah”da bütün gözlər ölkə kubokuna dikilmişdi. Di gəl ki, yenə xəyalları puça çıxdı. 1/4 finalın cavab oyununda “Neftçi”yə məğlubiyyətlə yenidən köhnə ənənələrini işə salaraq, aləmi bir-birinə qatdılar.

Bəli, oyunun baş hakimi Rəvan Həmzəzadə heç də ideal idarəçilik etmədi. Amma bu, “Neftçi”ni uddurdular” deyəcək qədər də “uzunboylu” deyil. AFFA Hakimlər Komitəsinin Əliyar Ağayevi mərhələnin ən mənasız oyununa “sürgün edib”, ən vacib matçı Həmzəzadəyə tapşırması ayrıca müzakirə mövzusudur. Ancaq istənilən halda, referinin “Sabah”ı uduzdurduğunu iddia edənlərin ya futbol anlayışı aşağıdır, ya da həmin şəxslər sırf klubu müdafiə etmək xatirinə danışırlar. Bu da peşəkara yaraşmayan hərəkətdir.

“Neftçi” ilə matçda dava-dalaşa səbəb olan Eddi İsrafilov–Aleksey İsayev epizodunda da ikincilər günahı özlərindən başqa hamıda axtardılar. Bəli, Eddi kobud oyunla vərəqəni haqq etmişdi. Sadəcə, o elə epizod idi ki, hansısa hakim sarı, bir başqası isə qırmızı vərəqə kimi dəyərləndirə bilər. İsayevin hərəkəti isə başadüşülən olmadı. Hakimin hansı qərarı verəcəyini gözləmədən rəqibin üzərinə şığıyaraq vurmaq avtomatik qırmızı vərəqə idi.

“Sabah”ın kapitanı Səlahət Ağayev isə qoluna taxdığı sarğının ağırlığını daşıya bilmədi. Kapitan elə epizodda komanda yoldaşlarını sakitləşdirmək üçündür. Daha 50 metr qaçıb rəqibə əl-qol atmaq deyil. Yəni baş hakim Eddini meydandan qovsaydı belə, Alekseylə Səlahətlə onunla birlikdə tunelə yola salınacaqdı. Murad Musayevin işlətdiyi sözlər isə deyildiyi kimi təhqirdirsə, bu da qəbulolunan deyil və baş məşqçiyə yaraşmır. Üstəlik, xaricdən yeni gəlmiş bir əcnəbiyə.

Klubun bu addımı yalnız uğursuzluğa səbəbkar axtarmaq cəhdi idi. Deyən yoxdur ki, 1:0 öndə idiz və birdən-birə 3 top buraxaraq geri düşdüz. Yəni o epizod, qırmızı vərəqələr olmasaydı belə, “Sabah” üçün kubokdakı macəra 3-cü topu buraxanda bitmişdi. Yəni ortada bir günahkar varsa, o da elə siz özünüzsüz. Peşəkar rəhbər komandası çətin durumda ikən o hərəkətə yol verən Aleksey İsayevi cəzalandırar, Səlahət Ağayevə kapitanın necə davranmalı olduğunu başa salar.

Sabaha ümidli şəkildə komandanın adını da buna uyğun qoyan rəhbərlik dünəndə ilişib qalıb. Bu gedişlə “Sabah” heç bu günə gəlib çata bilməyəcək, qalmışdı sabaha ümid bəsləsin. Mənəm-mənəmlik etmək üçün təkcə dilin yox, dilçəyin də olmalıdır. Axı “Sabah” klubu hansı uğuruna öyünərək göylə gedir, “dünya mənimdir”, deyir?

Yazını daha bir atalar sözü ilə tamamlayaq: “Dünya mənim deyənin dünən gəldik yasından”.