10:23 02-10-2008
news_image
508
STOLÜSTÜ OYUNLAR

Teymur da gerilədi, Şəhriyar da

Bakı. Kənan Həsənov - APA-Sport. Bakı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, planetin ən güclü 100 kişi şahmatçısının siyahısında nəzərə çarpan dəyişikliklər qeydə alınıb. Belə ki, birinci pilləyə 2791 xalla Veselin Topalov (Bolqarıstan) yüksəlib. Liderlik mövqeyini əldən verən hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) 2783 xalla 5-ci pilləyə enib. Rusiyalı Aleksandr Morozeviç (2787 xal) ikinci, ukraynalı Vasili İvançuk (2786 xal) üçüncü, eyni xala malik Maqnus Karlsen (Norveç) dördüncü yeri tutub.

İlk “onluq”da Azərbaycan milli komandasının yalnız bir üzvü qərarlaşıb. Teymur Rəcəbov ötən siyahı ilə müqayisədə bir pillə geriləsə də, əmsalını 7 xal artırıb. Səkkizinci sırada yer alan 21 yaşlı qrossmeysterimiz 2751 xala sahibdir. Altı pillə geriləyən Şəhriyar Məmmədyarov 2731 xalla 14-cü olub. Vüqar Həşimov da 20-ci pillədəki mövqeyini itirib. Hesabında 2703 xal olan şahmatçımız 31-ci yerə enib. Ən güclü 100 kişi şahmatçının siyahısındakı sonuncu təmsilçimiz Qədir Hüseynov (2650) isə 12 pillə irəliləyərək 70-ci olub.

İyulda olduğu kimi, bu dəfə də ən güclü 100 qadın və 20 gənc qız şahmatçının siyahısında həmyerlilərimiz yer almayıblar. Gənc oğlanların sıralamasında isə Rauf Məmmədov 2631 xalla altıncı olub.

Milli komandamızın mövqeyində də dəyişiklik qeydə alınıb. İki pillə irəliləyən yığmamız 2634 xalla 5-ci yeri tutub. 142 komandanın sıralamasına yenə Rusiya (2719 xal) başçılıq edir.