13:07 22-02-2022
news_image
1900
FUTBOL

Rəşad Sadiqov: “Marseldəki oyunu Bakıda təkrarlasa, nəticə qazanmaq mümkündür” - MÜSAHİBƏ

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel”ə 1:3 hesabı ilə məğlub olsa da, baxımlı oyunu ilə azarkeşlərdə ümid yaratdı. Siz keçmiş komandanızdan Fransada belə çıxış gözləyirdiz?
- “Qarabağ” hamının gözlədiyindən də yaxşı oynadı. Başabaş mübarizə apardı, hətta qol epizodları sayında rəqibini üstələdi. Sadəcə, müdafiəçinin, qapıçının səhvindən yersiz qollar buraxdılar. Buna baxmayaraq, “Qarabağ” layiqli mübarizə apardı. Oyun 2:1 hesabı ilə bitsəydi, daha yaxşı olardı. Üçüncü topu heç nədən buraxması pis oldu.

- “Qarabağ” fərqi minimuma endirdikdən sonra bərabərlik topu barədə düşündü və əksinə, 3-cü topu buraxdı. Daha ehtiyatlı oynayıb, ən azı 1:2 hesabını qorumaq daha yaxşı olmazdı?
- Kənardan, həqiqətən də, asan görünür. Hamımız deyirik ki, bu cür oynasaydılar, başqa nəticə olardı. Amma meydanda olmaq tam fərqlidir. “Qarabağ” bir qol vurandan sonra da imkanları oldu. Görüş 2:2 yekunlaşsaydı, hamı deyəcəkdi ki, nə yaxşı açıq futbol oynadı, müdafiəyə çəkilmədi. Sadəcə, bəxtsizlikdən 3-cü topu buraxdı. Müzakirələr həmişə olacaq. 2000-ci ilin əvvəllərində avrokuboklarda həmişə müdafiə otururduq, hamısında da uduzurduq. 2006-2007-ci illərdən sonra komandalar bir balaca toparlandı, futbolçular ürəkləndi. Bəzi klublar açıq futbol oynamağa başladı. Arxada oturanda əvvəl-axır qol buraxırsan. “Qarabağ” isə müdafiədə oturmağı bacarmır. Ora elə futbolçular yığılıb ki, onlarla müdafiə oluna bilməzsən. Yaradıcı futbolçulardır, topu alanda istər-istəməz hamısı irəli qaçır.

- İstər “Qarabağ”, istərsə də AFFA təhlükəsizlik tədbirləri və təxribatın qarşısının alınması üçün həm UEFA, həm də “Marsel” rəhbərliyinə müraciət etsə də, yenə erməni təxribatı ilə üzləşdi. Bu xəbərdarlıqlara baxmayaraq, yenə xoşagəlməz hadisənin yaşanması fransızların məsuliyyətsizliyindən xəbər vermir?
- Açığı, klubun bunu bilərəkdən etdirdiyini inanmıram. Tribunalara 30-40 min azarkeş gəlir. Kimin qarnında hansı bayrağı keçirdiyini bilmək mümkün deyil. Amma ilk dəfə deyil ki, Azərbaycan klublarının başına belə bir hadisə gəlir. Səfər oyunlarında dəfələrlə belə hallarla üzləşmişik. “Qarabağ” bunu UEFA-ya deməkdən yorulub, amma tədbir görə bilmirlər. O qədər azarkeşin hamısını bir-bir yoxlamaq da çətindir. Kimsə alçaqlıq edib stadiona əski parçası salmaq istəsə, bunu edəcək. Təəssüf ki, adına görə belə hadisələr ən çox “Qarabağ”ın oyunlarında olur.

- Belə bir şeyin həmin anda futbolçulara psixoloji təsiri olurmu?
- Bir az qıcıqlandırır, hirsləndirir, daha qəzəbli oynayırsan. Bu, bir tərəfdən yaxşı təsir edir, rəqibə qarşı daha istəkli olursan, qələbə qazanmaq üçün “yanırsan”. Amma əks təsir də göstərə, sarı, qırmızı vərəqə almağa da gətirib çıxara bilər. Əsəbindən rəqibə penalti, cərimə zərbələri qazandıra bilərsən. Çünki hər adam əsəblərinə hakim ola bilmir. Marseldə hansı baxımdan təsir etdiyini deyə bilmərəm. Amma “Qarabağ” futbolçularına mənfi təsir göstərdiyinə inanmıram. Belə olsaydı, bu dərəcədə yaxşı çıxış etməzdilər. Mən özüm də komandamızın səfərdə açıq futbol oynayıb, bu qədər qol epizodları yaradacağını gözləmirdim. “Qarabağ” gözləntilərdən yaxşı oynadı. 1:3 hesablı məğlubiyyətə layiq deyildi.

- Fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab matçından nə gözləyirsiz?
- Düzdür, iki top fərqi çoxdur. Amma indi iki cavabsız qol vursan, əlavə vaxt olur. Bu mənada düşünürəm ki, “Qarabağ”ın hələ də şansı var. Marseldəki oyunu Bakıda da təkrarlasa, yaxşı nəticə qazanmaq mümkündür. Ola bilsin ki, mərhələ adlamasın, amma qələbə qazana bilər. Azarkeş dəstəyi barədə danışmaq isə artıq olar. “Qarabağ” avrokuboklarda uğurlu çıxış etdiyi üçün bu komandanın oyunlarına təkcə öz azarkeşləri yox, digər klubların fanatları da gəlir. Düşünürəm ki, yenə bu cür olacaq. Bütün azərbaycanlılar kimi, mənim də arzum “Qarabağ”ın mərhələ keçməsidir.

Ruslan Sadıqov