19:22 27-02-2022
news_image
153
FUTBOL

Samir Abasov hələ razı deyil: “Adımıza fiasko idi”

“Qələbə qazanmaq, uğurlu seriyanı davam etdirmək istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVII turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

Ölkə kubokunda rəqibini mübarizədən kənarlaşdıran çempion səfər matçında da 1:0 hesablı qələbə qazanaraq, turnir cədvəlində “Sabah”dan bir qədər də uzaqlaşıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasov komandasının çıxışına qiymət verib: “Bu qələbə bizə gələcək matçlar üçün əlavə motivasiya olacaq. Hələ görüləcək işlərimiz çoxdur. Bu, meydanda sezilir. Futbolçularımı ürəkdən təbrik edirəm”.

Çalışdırıcı müdafiə xəttindəki oyunçuların çıxışını xüsusi fərqləndirib: “Bu gün orta sahədəki üstünlüklə yanaşı, yaxşı mübarizə apardıq, bu baxımdan rəqibə uduzmadıq. Ümumi komanda şəklində lazımi anda futbolçular bir-birlərinə yaxın oldular, rəqibə çox boşluq vermədilər. İki mərkəz müdafiəçimiz və qapıçımız bu gün çox əziyyət çəkdilər. Həm müdafiəni, həm də orta sahəni nəzarətdə saxladılar”.

44 yaşlı mütəxəssis ölkə kubokunda məhz “Sabah”la görüşdəki gərginliyin bu dəfə təkrarlanmaması üçün futbolçularla söhbətlər aparıldığını əlavə edib: “Qətiyyətlə tapşırılmışdı ki, təxribatlardan, futbola aid olmayan dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Bu gün də həddən artıq sərt oyun getdi. Bu, qınanılası şey deyil. Buna səbrlərini basdılar, üzüağ çıxdılar. Şükürlər olsun ki, buradan söz-səhbətsiz gedirik”.

Abasov ölkə kubokunda “Sabah”a qarşı keçirilən cavab oyunu ilə müqayisədə oyunlarında irəliləyiş olduğunu deyib: “Ölkə kubokunun birinci hissəsi də bizim adımıza fiasko idi. Böyük ölçüdə oyunumuzu tutmamışıq. Bu, reallıqdır. Həmin görüş bizim üçün həddən artıq katastrofa idi. O oyuna baxanda bu gün pis deyildi. Sadəcə, mübarizə və anında qərarlar yerində oldu, çox şeyi düz yerinə yetirdik. Qalibiyyət də bunun nəticəsi idi”.