12:27 28-02-2022
news_image
146
FUTBOL

Mahir Emreli ilə eyni taleyi yaşadı – “Qremio”nun futbolçusu

“Qremio”nun futbolçusu Matias Vilyasanti azarkeşlərin hücumuna məruz qalıb.

Apasport.az saytının məlumatına görə, Braziliya klubunun avtobusuna naməlum şəxslər tərəfindən hücum zamanı oyunçu başından xəsarət alıb.

Hadisə “İnternasional”la matç öncəsi “Beyra-Rio” stadionunun yaxınlığında baş verib. Azarkeşlər avtobusun şüşələrini daşlarla sındırıb, “Qremio”nun bir neçə futbolçusu xəsarət alıb. Vilyasanti isə xəstəxanaya aparılıb.

Müayinə zamanı yarımmüdafiəçidə kəllə-beyin travması, beyin silkələnməsi, omba nahiyəsinin zədələnməsi və çoxsaylı hematoma diaqnozu qoyulub. Artıq evə buraxılan oyunçu bundan sonra klubunun tibbi heyətinin nəzarəti altında olacaq. Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb. “İnternasional” – “Qremio” görüşü isə təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də ötən ilin dekabrında bənzər hadisə ilə üzləşib. O, “Legiya”da olarkən azarkeşlər komandanın avtobusuna daxil olaraq həmyerlimizin başına zərbə vurublar. Məhz bu hadisədən sonra “Legiya”dan ayrılmaq qərarına gələn Emreli Zaqreb “Dinamo”suna keçib.