09:20 10-03-2022
news_image
200
FUTBOL

PSJ prezidentindən “Real”lıya ölüm hədəsi

Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçirilən cavab oyunundan sonra PSJ-nin prezidenti Nasser el-Xelaifi hakimlikdən narazı qalıb.

Apasport.az saytı xəbər verir ki, qətərli iş adamı komandasının 1:3 hesabı ilə məğlub olduğu matçın ardından etirazını sərt şəkildə bildirib.

Qarşılaşmanın final fiti ilə birlikdə tribunalardan dəhlizə düşən el-Xelaifi hakimlərin üstünə qışqırmaqla yanaşı, ətrafdakı əşyaları qırıb. Bununla bağlı baş hakim Denni Makkeli protokolda qeydlərini aparıb.

Makkelinin hesabatında parislilərin prezidentinin və idman direktoru Leonardonun aqressiv davrandıqları, hakimlər otağına girməyə çalışdıqları yazılıb. Prezident hətta yan xətt hakimlərindən birinin əlindəki bayrağı qırıb.

Maraqlıdır ki, el-Xelaifi hərəkətlərini lentə alan “Real”ın nümayəndəsi Karlos Davilin üzərinə şığıyıb, onu ölümlə hədələyib. Leonardo müdaxilə edərək “kral klubu”nun əməkdaşından telefonundakı videonu silməyi tələb edib.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə 3:2 hesablı qələbə qazanan “Real” 1/4 finala yüksəlib.