14:36 12-03-2022
news_image
325
FUTBOL

Ən böyük abunəçilər – PREMYER LİQAMIZDA

Bu gün Azərbaycan Premyer Liqasında “Sabah” - “Qarabağ” matçı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu oyun turnir cədvəlinin ilk və ikinci yarısının liderlərinin dueli kimi diqqət çəkir.

Qurban Qurbanovun yetirmələri çempionatın aşkar lideri və favoritidir. “Sabah” isə ikinci “dördlük”də hamıdan üstündür.

Cədvəlin iki yarısının liderləri arasında həm cari mövsümdə, həm də şəxsi oyunlardakı fərq uçuruma bərabərdir. İndiyədək “Qarabağ”a qalib gələ bilməyən “Sabah” Ağdam klubunun abunəçisi sayılır. 

Bakı klubu tarixi ərzində heç vaxt çempionat matçında qalib gəlməyib. Baş tutan əvvəlki 13 görüşdən 10-da “Qarabağ” qalib gəlib. Ağdamlıların qələbə faizi 76,5 faizə bərabərdir.

Bu, fəaliyyətini davam etdirən və ən azı 10 dəfə qarşılaşan klubların duellərindəki 5 ən böyük qələbə əmsalından biridir. Bu siyahıda ilk iki yeri hazırda I divizionda oynayan MOİK-in duelləri tutur. Hazırda Premyer Liqada olanlar arasında ən böyük abunəçi elə “Sabah”dır. Bakılılar həm “Neftçi”, həm “Qarabağ” üçün xal mənbəyidir.

1. “Qarabağ” – MOİK – 81,8 faiz
2-3. “Keşlə” – MOİK – 78,6 faiz
“Neftçi” – “Sabah” – 78,6 faiz
4. “Qarabağ” – “Sabah” – 76,9 faiz
5. “Qarabağ” – “Səbail” – 76,5 faiz

Bu gün “Qarabağ” “Sabah”ı yenə məğlub etsə, 14-cü oyunda 11-ci qələbəsini bayram edəcək. Bununla da ağdamlılar “Neftçi”nin eyni rəqiblə görüşdəki qələbə əmsalını təkrarlayacaq.

Ölkə çempionatları tarixinə baxsaq, ən azı 10 dəfə üz-üzə gələn cütlərdən 75-də bir komanda 75 və daha çox faizlik qələbə faizinə malikdir. 100 faizlik göstərici isə yalnız bir cütdədir. Bu rəqibini 12 oyunun hamısında udan “Keşlə”yə məxsusdur.

1. “Keşlə” – “Rəvan” – 100 faiz
2. “Turan” – “Pambıqçı” B – 91,7 faiz
3-4. “Neftçi” – “Bakılı” – 90 faiz
“Neftçi” – “Pambıqçı” B – 90 faiz
5. “Şəmkir” – “Şəfa” – 88,2 faiz