21:27 12-03-2022
news_image
211
FUTBOL

Qurban Qurbanov: "Komanda yoldaşları ona irad yox, tövsiyələrini bildirirdilər" - MÜSAHİBƏ

“Komandamı təbrik edirəm. Çox vacib üç xal idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Premyer Liqanın XIX turunun “Sabah”la səfər matçı barədə fikirlərini oyunsonrası mətbuat konfransında açıqlayıb: “İki intizamlı komanda oynayırdı. Bir birimizi çox yaxşı analiz etmişdik. Belə oyunun taleyini bir qol həll edəcəkdi. Hər iki komanda sonadək oyun intizamını qoruya bildi. Futbolçulardan razı qaldım.

- Filip Ozobiçin oyununu necə dəyərləndirirsiz?
- Səhvlər deməzdim. Filip ən çox qaçan oyunçulardan biridir. Ola bilər hansısa epizodda öz zonasını tuta bilmirdi. Bəzi epizodlarda düşündüyümüz kimi alınmadı. Komanda yoldaşları ona irad yox, tövsiyələrini bildirirdilər.

- Hər matçda 5-6 qol epizodu yaradırdız. Bu dəfə daha az imkan yaradılması nə ilə bağlıdır?
- Bəlkə də 4-5 qol epizodumuz oldu. Rəqibin intizamlı oyununu yaddan çıxarmalı deyilik. Rəqib oyunçulara qarşı çox sıx oynayırdı. Bu da futbolçularımızın meydanda istədiyini etməsinə imkan vermirdi. Ümumiyyətlə futbol elə səviyyəyə çatıb ki, bir matçda 7-8 qol imkanı yaradıla bilər, digərində 1 epizod həlledici olar. Əsas intizamı qorumaq və istəkli olmaqdır. Qol epizodları bir matçda ola, digərində olmaya bilər. Belə qarşılaşmalar yenə olacaq.

- Toral Bayramovun vəziyyəti necədir?
- Pəncə hissəsində xəsarət var. Yəqin sabah bilinəcək. Ağrılar çox olmasa, 2-3 gün fərdi məşqlə kifayətlənəcək. Çox ciddi zədə olduğu görünmür.

- Bədavi Hüseynovu cari mövsüm meydanda görə biləcəyik?
- İnşallah, görə biləcəyik. Daha yaxşı bərpa olunub, tam hazırdır və tapşırıqları yerinə yetirir. Lakin rəsmi matçda ilk dəqiqələrdən meydana buraxmaq istəmirik. Yəqin millinin oyunları ilə əlaqədar fasilə müddətində yoxlama görüşlərində meydana qayıdar.

- Rusiya və Ukraynadan olan azad agentlərin keçidi ilə bağlı işlər başlayıb?
- Hələ elə məlumat gəlməyib.

- Bədavi qayıdandan sonra mərkəzdə kim oynayacaq?
- Oyunçuların özündən asılıdır. Hansı futbolçu daha sabit, daha inamlı göstərəcəksə, həmin oyunçu. Biz də istəyirik belə rəqabət olsun.

- Abbas Hüseynovun start heyətdə yer almaması nə ilə bağlı idi?
- Oyuna, rəqibə görə idi. Əvvəlki iki matçda ondan razı qalmışdım. 

- Xayme Romeronu mövsümün sonuna qədər meydanda görə bilərik?
- Görə bilərik. Zədələnməsindən 5 ay keçib. Komandaya qoşulsa da, məşqlərin çoxunu fərdi keçir. Bəlkə bir aydan sonra hazır ola bilər. Amma mövsümün sonuna qədər öz formasını yığması bir az çətindir.

Qeyd edək ki, “Qarabağ” səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.