11:06 04-10-2008
news_image
539
DİGƏR NÖVLƏR

Əli İsmayılov amerikalı rəqibinə meydan oxudu

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks gecəsi təşkil olunacaq. “APA-Sport”un məlumatına görə, yarışın əsas döyüşü Azərbaycan boksçusu Əli İsmayılovun iştirakı ilə baş tutacaq. WBO Latino versiyası üzrə “Qızıl kəmər”in sahibi olan 34 yaşlı idmançımız reytinq xarakterli görüşdə ABŞ təmsilçisi Maks Aleksanderlə qarşılaşacaq.

İsmayılovdan 7 yaş kiçik olan qara dərili boksçu peşəkar rinqdə keçirdiyi 18 döyüşün 14-də qələbə qazanıb, 2 görüşdə uduzub və 2 dəfə heç-heçə edib. Əli isə indiyədək 15 döyüşə çıxıb. 13 qələbəyə sevinən həmvətənimiz bir dəfə məğlub olub, bir görüşü isə heç-heçə başa vurub.

Döyüşdən əvvəl təşkil olunan çəki yoxlama mərasimində qısa açıqlama verən boksçumuz fiziki göstəricilərdə geri qaldığı rəqibinə vaxtından əvvəl, nokautla qalib gələcəyini bildirib. İsmayılov, həmçinin deyib ki, qarşıya qoyulan əsas məqsəd 2009-cu ildə WBO versiyası üzrə çempion olmaqdır.

Qeyd edək ki, Əli indiyədək ABŞ boksçusu ilə döyüşməyib.