15:10 16-03-2022
news_image
213
FUTBOL

Ayxan Abbasov: “Sumqayıt”da vəziyyət yaxşı deyil” - MÜSAHİBƏ

“Sumqayıt”ın sabiq baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi

- Premyer Liqada artıq 19 tur geridə qalıb. Komandaların çıxışları və mübarizə necə görünür?
- Hələ qış fasiləsindən əvvəl hamı “Qarabağ”ın çempion olacağını düşünürdü. Ağdam təmsilçisi mövsümün ikinci yarısındakı çıxışı ilə buna şübhə yeri qoymadı. Əsas maraq 2-4-cü yerlər uğrunda mübarizəyədir. “Neftçi”, “Qəbələ” və “Zirə” ilə yanaşı, “Sabah”ın da bu yer üçün yarışacağını gözləyirdik. Ancaq bu komanda kritik oyunlarda xal qazana bilmədi. Artıq onların ilk “dördlük”dəki klublarla aralarında xal fərqi çoxdur. Amma unutmayaq ki, hələ bir dövrədən çox qalıb. Yəqin ki, qarşıdakı 2-3 turda onların durumu da dəqiqləşəcək. Son turlarda medallar uğrunda mübarizə izləyəcəyik. O ki qaldı aşağı pillələrdəki komandalara, “Keşlə” son qələbə ilə oradan bir qədər uzaqlaşdı. “Sumqayıt”la “Səbail” axırıncı yeri tutmamaq üçün yarışacaq.

- Oyunları kənardan izləmək yəqin ki, məşqçi kimi çalışmaqdan fərqlidir. Hansı fərqlilikləri sezə bilmisiz?
- Baş məşqçi kimi çalışanda çempionat matçlarını fərqli prizmadan izləyirdim. Məşqçilərin taktiki gedişlərini də bilirdik. Amma indi hər şeyi daha aydın görmək olur. Oyunlar zamanı baş məşqçilərin taktiki gedişləri də diqqəti çəkir. Bəzi komandalarda isə heç nə dəyişməyib. Azarkeş baxışı ilə məşqçi baxışı arasında fərq var.

- İlk “dördlük”də qərarlaşan komandalar eyni zamanda ölkə kubokunda yollarına davam edirlər və böyük ölçüdə avrokuboklara vəsiqəni təmin ediblər. Belə bir anda çempionatda ikinci və ya dördüncü yer tutmağın hansısa önəmi varmı?
- Ümumi götürsək, avrokuboklara vəsiqələr 85-90 faiz həll olunub. Amma yenə də qarşıdakı 3 tur çox önəmlidir. Çünki “Qəbələ”, “Zirə” və “Neftçi”nin kritik oyunları var. Bu matçlarda onların xal itirməsindən “Sabah” yararlana bilməsə, sonuncu dövrə öncəsi hər şey bəlli olacaq. Bir dövrəyə 12-13 xallıq fərqi aradan qaldırmaq mümkünsüz görünür. Çünki bu komandalar qısa müddətdə o qədər uduza da bilməzlər. Amma düşünürəm ki, klubların medal qazanmaq üçün motivasiyaları var. Məsələn, “Neftçi” üçün 4-cü yerlə 2-ci yeri tutmaq fərq edəcək. Azarkeşlərin onlara təzyiqi böyükdür.

- Son çempion üçün ikincilik nə dərəcədə uğur sayıla bilər?
- Çempion ola bilməsən də, 5 xallıq fərqlə ikinci yeri tutmaq qəbulediləndir. Amma 10 xallıq fərqlə dördüncü ola da bilərsən. Məncə, “Neftçi” üçün burada fərq var. Yenə də düşünürəm ki, “Neftçi” bu mövsüm daha çox Azərbaycan kubokuna köklənib. “Qəbələ” və “Zirə” isə çempionatda medal qazanmaq istəyir. Təbii ki, mövsümün əvvəlində hamının qarşısına qoyulan əsas hədəf avrokuboklara vəsiqədir. Ancaq bu gün medal qazanmaq imkanları varsa, niyə istifadə etməsinlər? İstər klublar, istər məşqçilər, istərsə də futbolçular arasında karyeraya medal yazdırmaq mübarizəsi gedəcək. Mənə elə gəlir ki, “Qarabağ” ötən mövsüm çempion ola bilmədiyi üçün bu dəfə “qızıl dubl” etməyə çalışacaq, hər iki titulu qazanmaq istəyəcək. 

- Artıq iki ildir hər kəs “Sabah”dan uğurlu çıxış gözləsə də, komanda zəif nəticələrlə təəccübləndirir. Sizcə, onların problemi nədir?
- “Sabah”ın avrokuboklara yollanacağına inanmıram. Düzdür, çempionatın bir dönəmində yaxşı çıxış etdilər, qələbələr qazandılar. Amma bunu saxlaya bilmədilər. Həqiqətən də, çox yaxşı futbolçuları var. “Sabah”ın oyunçularının səviyyəsi, ustalığı digər komandalardan üstündür. Amma nəsə çatmır. Kritik oyunlarda qələbə qazana bilmədilər. Məsələn, ölkə kubokunda “Neftçi”ni keçsəydilər, indi tam fərqli mübarizə izləyərdik. Və ya çempionatda yenə “Neftçi”yə qalib gələ bilsəydilər, indi iddialı olardılar. “Sabah”ın ən kritik oyunu “Zirə”yə qarşı oldu. Həmin matçda məşqçilərin dueli getdi. Bəzi oyunu məşqçi udur. “Sabah”la görüşü də “Zirə” çox ağıllı, düzgün taktika ilə keçirdi. Bizim çempionatda eyni futbolla uğur qazanmaq çətindir. Məncə, Murad Musayev o ab-havanı tuta bilmədi. Az da olsa şansları var, ancaq çətin olacaq. “Sabah”da əcnəbi oyunçuların tez-tez zədələnməsinin də nəticələrə təsiri olur. Çünki belədə stabil heyətlə çıxış edə bilmirlər.

- Mövsümün ilk yarısından sonra ayrıldığınız “Sumqayıt” hazırda autsayderlər zonasında qərarlaşıb. Aleksey Baqanın rəhbərliyi altında keçirdikləri 4 oyunun 3-də məğlub oldular, 1 dəfə heç-heçə etdilər. Yeni baş məşqçi “Sumqayıt”da nəyi dəyişdi?
- Bu gün “Sumqayıt”da yaxşı mənada heç nə dəyişməyib. Orada vəziyyət, həqiqətən də, yaxşı deyil. Digər tərəfdən futbolçularda da yəqin ki, psixoloji durum ürəkaçan deyil. Ardıcıl məğlubiyyətlər və orada xoşbəxt olmamaq oyunçuların yanaşmasına təsir edir. Məncə, “Sumqayıt” sona qədər “Səbail”lə axırıncı yeri tutmamaq uğrunda mübarizə aparacaq. Orada yeni bir şey görmədim.

- Əgər nəticələr daha da pisdirsə, baş məşqçi dəyişikliyi nəyə hesablanmışdı?
- Məncə, bir qədər gözləmək lazımdır. Görək, gələn mövsüm necə olacaqlar. Müəyyən vaxt keçdikdən sonra özləri də daha yaxşı görəcəklər. Bəlkə, arxayındırlar ki, daha böyük büdcə ilə yayda güclü komanda yığacaqlar.

- Heyətin gücləndirilməsi dedikdə əcnəbi futbolçu transferlərini nəzərdə tutursuz? Strategiya dəyişikliyi ediləcəksə, əcnəbi oyunçularla çalışmaq üçün mütləq əcnəbi mütəxəssis şərtdir?
- Məncə, baş məşqçi dəyişikliyi bununla əlaqədar deyildi. Əcnəbilər gətirməklə guya indi “Sumqayıt” iddialı olacaq? Heyətində əcnəbi oyunçular olmasına baxmayaraq, avrokuboklara gedə bilməyən komandalar da var. Ortada tam başqa problemlər var idi. Rəhbərlik də belə qərara gəldi.

- Bəlkə problemləri deyəsiz?
- “Sumqayıt” haqda çox danışmaq istəmirəm. Orada neçə il işləmişəm, uğurlu nəticəmiz olub, medal qazanmışıq. Bu gün hansısa detallara toxunmağın bir mənası yoxdur. Ayrılmaq istədilər, mən də ayrıldım.

Ruslan Sadıqov