12:11 17-03-2022
news_image
89
FUTBOL

Mert Çelik: “Hər dəfə keçən həftədən daha yaxşı olduğumu göstərməyə çalışıram”

“Neftçi”nin müdafiəçisi Mert Çelik klubun rəsmi saytına müsahibə verib. 

Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü özünü daha çox inkişaf etdirmək istədiyini bildirib.

O, Premyer Liqanın XX turunda vərəqə limitinə görə “Qəbələ” ilə keçiriləcək matçı buraxacağı üçün məyus olduğunu söyləyib.

- Ardıcıl qələbələrdən sonra yəqin ki, həm sənin, həm də komanda yoldaşlarının əhval-ruhiyyəsi daha da yaxşı olar...
- Həm komanda, həm də fərdi olaraq özümü yaxşı hiss edirəm. Kollektivdə hazırda hər şey ailə mühitində olduğu kimidir. Hər kəs bir-birini sevir, bir-birinə hörmət edir və bu uğur gətirir.

- Müdafiədəki etibarlı oyununla yanaşı, bu mövsüm 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olmusan. Bununla bağlı nə deyə bilərsən?
- Hər gün özümü daha çox inkişaf etdirmək istəyirəm. Hər dəfə Mertin keçən həftədən daha yaxşı olduğunu göstərməyə çalışıram. Ümid edirəm, həm komandama, həm də onun yaxşı nəticələr qazanmasına daha çox töhfə verə biləcəyəm.

- “Sumqayıt”la görüşdə sarı vərəqə aldığın üçün cəzalı duruma düşdün və martın 18-də “Qəbələ” ilə keçiriləcək matçı buraxmalı olacaqsan...
- Həqiqətən də, komanda yoldaşlarımı bu oyunda tək buraxacağım üçün çox məyusam. Oynamayanda özümə çox əsəbiləşirəm. İnşallah, bu matçda da qalib gələrik.

- Son oyunlardakı qələbələrdən danışdıq. Bunda havadan asılı olmayaraq stadiona gəlib, komandanı tribunadan dəstəkləyən azarkeşlərin də rolu böyükdür. Onlara sözün varmı?
- Azarkeşlərimiz bizim ən böyük dəstəkçimizdir. Onların sayəsində ardıcıl qələbələr qazandıq. Azarkeşlərə təşəkkür edir və onlardan mövsümün sonuna qədər dəstəklərini davam etdirmələrini xahiş edirəm. Biz də həm kubok, həm də çempionatda sona qədər mübarizə aparıb, onları sevindirməyə çalışacağıq.