21:05 19-03-2022
news_image
218
FUTBOL

Qurban Qurbanov: “Futbolçuların inamsızlığından narahatam”

“Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər, vacib qələbə qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda “Zirə” üzərində 3:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bölüşən təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Çox yaxşı komandaya qalib gəldik. “Zirə”nin yorğunluğundan istifadə elədik. Onlar ardıcıl çətin oyunlar keçirmişdi”.

- İkinci yerlə aranızda xal fərqi böyüyüb. Qalan oyunlara futbolçuları kökləmək çətin olmayacaq?
- Bu, məni narahat edən məqamlardan biridir. Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət, xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikdə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür”.

- Milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq və sizin çox sayda oyunçunuz düşərgədə olmayacaq. Bu, növbəti matçlara hazırlıq baxımından sizə problem yaratmayacaq?
- Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri budur. Heyətdə yalnız 5 legioner qalacaq. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən məni narahat edir. Buna görə böyük narahatlığım var. Bu gün, demək olar ki, hamını yığmalara dəvət ediblər. Komandanın yenidən formaya düşməsi üçün çalışacağıq.

- Rüstəm Əhmədzadə xeyli müddətdir komandadadır, ancaq az oynayır. Onun özünü daha çox göstərməsinə nə mane olur?
- Rüstəmdə bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi, bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə yaxşı məşq proqramına və oyunlara ehtiyacı var. Ukraynada olan olaylar da ona təsir etdi, çox pis idi. İndi-indi özünə gəlməyə başlayır. Adaptasiyası üçün vaxt lazım olacaq. Daha yaxşı olması üçün çalışacağıq.

- Klub tərəfindən Rüstəmə bir təklif olmuşdu ki, ailəsini bura gətirsin?
- Mən özüm onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digər hissəsi Kiyevdə idi. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları bura gətirmək problem idi. Heç kim üçün xoş deyil belə bir şeyin olması. Futbolçunu nə qədər motivasiya etsək də, fikri oradadır. İnşallah, müharibə tez bir zamanda bitər.

- Şahruddin Məhəmmədəliyevlə Bədavi Hüseynov artıq sıraya dönüb. Heyət seçiminin geniş olması sizə çətinlik yaratmayacaq?
- Təki məşqçi kimi problemim bu olsun. Məşq prosesi oyundan daha vacibdir. Orada istədiyim tələbləri yerinə yetirmirsə, oyunda düşündüklərimi edə bilmərəm. Futbolçularımın hazır olması məşq keyfiyyətini yaxşılaşdırır və onların ustalığını artırır. Bütün futbolçulara oynamaq imkanı yaradırıq. Onların sağlam olması digər oyunçuların səviyyəsini qaldırmağa kömək edir.

- “Neftçi” son oyunlarda ardıcıl qələbələr qazanır. Rəqabətin artması sizin üçün önəmlidirmi?
- Bütün komandalar bizə rəqibdir. Bu gün 3:0 qalib gəlsək də, meydanda mübarizə, sürət var idi. “Sabah”la qarşılaşma da çətin keçmişdi. Bir azərbaycanlı olaraq hər bir komandanın yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son zamanlar 5-6 komandada məşqçilərin öz düşüncəsi görünür. Bunlara sevinirəm. Məqsədimiz bütün rəqiblərə qarşı ən yaxşı səviyyədə hazır olmaqdır. Daha çox özümüzü düşünürük, nəinki rəqibləri.

- Rəşad Sadıqovla şəxsi münasibətiniz hamıya bəllidir. Ona qarşı komanda hazırlamaq necədir? İlk yarıda komandanız çox istəkli görünürdü...
- İkinci hissədə daha istəkli idik.

- Danışıq apardığınız oyunçular varmı?
- Mətbuatda bəzən çox xəbərlər yayılır. İndi elə bir klub yoxdur ki, hər hansı futbolçu ilə maraqlanmasın. Eynilə biz də. Tez-tez hansı ölkələrdə hansı oyunçuların bizə uyğun olduğu ilə maraqlanırıq, bütün mövqelərə oyunçu axtarırır. Çünki düşünmədiyimiz problemlərlə üzləşirik. Ona görə də bütün mövqelər üzrə oyunçulara baxırıq, xəbər göndərir, maraqlanırıq. Bu, işimizin bir hissəsidir. Ancaq tam olaraq oyunçu adı çəkə bilmərəm. Bəzən şişirdilmiş xəbərlər yazılır.

- Abdullah Zubirin qardaşı da Azərbaycana gəldi. Abdullahın bunda bir rolu var idimi və bu, onun daha uzun müddət “Qarabağ”da qalacağına işarədirmi?
- Psixoloji tərəfdən ona faydası olacaq. Abdullahın rolunun olduğuna “yox” deyə bilmərəm. Təklif edib. Zuriblə 2,5 illik müqaviləmiz var. Azərbaycan mentalitetinə, oyun üslubumuza uyğun futbolçudur. Belə hallara sevinirəm. İnşallah, daha yaxşı Zubir görərik.