15:34 22-03-2022
news_image
380
FUTBOL

De Byazi: "İndi başa düşürük ki..." - MÜSAHİBƏ

Martın 25-də Malta, 29-da isə Latviya ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin Malta səfəri öncəsi mətbuat konfransı təşkil olunub.

Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionundakı konfransda yığmamızın baş məşqçisi Canni de Byazi jurnalistlərin suallarını cavablandırıb.

- Heyətdə bəzi yeniliklər var. Xüsusən də, söz vermişdiniz ki, Eddi İsrafilov və Dmitri Nazarovu milliyə çağırmayacaqsınız. Amma bu dəfə onlara dəvət göndərilib...
- Heç vaxt deməmişəm ki, onlar millidə olmayacaqlar. Sadəcə həmin vaxt koronavirusla bağlı belə vəziyyət yaranmışdı. Gənclərə üstünlük vermişdik. Amma indi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır. Yaxşı nəticələr üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi oyunçuları çağırdım.

- Uzun müddətdir millinin baş məşqçisisiniz və bu, qarşıya konkret hədəf qoymaq üçün kifayət qədər zamandır. Dmitri Nazarov və Eddi İsrafilov kimi oyunçuları yenidən çağırdınız. Biz yenidən keçmişə qayıtdıq?
- Bu baxımdan əmin olmadığım nəsə yoxdur. Gənclər yenə heyətdə qalır və onlara təcrübəsi ilə komandaya kömək edə biləcək oyunçular əlavə olunub.

- Oyunlarda qapıçılarla bağlı seçiminiz nə olacaq?
- Onların özləri də bunu bilmir. Bu barədə ilk olaraq onlar biləcək. Üç yaxşı qapıçımız var. Xüsusən də, "Qəbələ"dən çağırdığımız Nicat Mehbalıyev gəncdir, perspektivi var, yaxşı mövsüm keçirir. Digər iki qapıçı təcrübəlidir.

- Sizin gəlişinizdən sonra əsasən 3-lü mərkəz müdafiə sistemində oynayırıq. Millətlər Liqası öncəsi hansısa yeni oyun sistemi sınamaq fikriniz varmı?
- Bəli, əlimizdəki oyunçulara əsasən taktiki dəyişikliklər olacaq. Mənim üçün ən vacibi nəticədir, qələbə qazanmaqdır.

- Nicat Mehbalıyevin yaxşı mövsüm keçirdiyini dediniz. "Qəbələ"nin yaxşı mövsüm keçirən digər oyunçularına niyə dəvət göndərməmisiniz? Əvəzində Höccət Haqverdi yenə heyətdədir...
- Rövlan Muradovu mən çox qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma onu daha az tanıyıram. Həmçinin "Qəbələ"dən Murad Musayev də yaxşı mövsüm keçirir. Amma viza məsələsinə görə milliyə cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, milliyə yenidən çağırılacaq.

- Rüstəm Əhmədzadə əvvəlcə U-21, daha sonra isə əsas milliyə çağırıldı. Bu dəyişiklik nə ilə bağlı idi?
- Onu U-21-ə buraxmaq istəyirdim ki, oynamaq imkanı olsun. Amma Namik Ələskərovun zədəsi var. Qarşıdakı matçlarda iştirakı sual altındadır. Bu üzdən Rüstəmi çağırdıq. Millimizin gələcəyi olan oyunçulardandır.

- Millidə keçirdiyiniz ikinci mərhələdə özünüzdən uğur gözləyirsiniz?
- Qələbə öz-özünə gəlmir, onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var. Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik lazımdır. Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşür ki, bu bayraq üçün "vuruşuruq".

- Millətlər Liqasında mübarizə bu dəfə yayda başlayacaq. Bu məqam nəticələrə nə dərəcədə təsir edə bilər?
- Fikirləşirəm ki, rəqiblərimiz də yorğun olacaq, onlar da ağır mövsümdən sonra oynayacaqlar. Yaxşı olardı ki, komandamızda zədəlilər olmasın. Slovakiyanı çıxsaq, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Qısa müddətdə səfərə gedib, ardından evə gələcəyik. Bir rəqibimizin də kimliyini gözləyirik. Bu, Moldova və ya Qazaxıstan olacaq.