17:53 02-04-2022
news_image
727
FUTBOL

Qurban Qurbanov milli üzvləri haqda: "Gedənə qədər daha yaxşı idilər, nəinki qayıtdıqdan sonra"

“Hər mövsüm qarşımıza ən yüksək pilləni hədəf kimi qoyuruq".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis 5:1 hesabı ilə qalib gəldikləri “Azersun Arena”dakı matçdan sonra komandasının çıxışını dəyərləndirib: “Bütün oyunlara maksimum qələbə hissi ilə çıxırıq. Hər matçda daha yaxşı oynamaq istəyirik. Qarşıdakı 13 xalı düşünmürük. Matçın erkən saatlarda keçirilməsi oyunun tempini aşağı sala bilər. Ancaq layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdırmaq barədə fikirləşməliyik. Millilərlə əlaqədar futbolçuların çoxu bizimlə birgə olmadığından, bir az narahatlığım var idi. Şükürlər olsun, hər şey qaydasında oldu”.

- Futbolçularınız yığma komandalardan hansı durumda gəlmişdilər?
- Gedənə qədər daha yaxşı idilər, nəinki qayıtdıqdan sonra. İstənilən halda problemlər var idi, narahatlıq çox idi. Bəzi futbolçularda yorğunluq var idi. Oyun buraxan, məşqlər buraxanlar oldu. Oynamayan futbolçu istər-istəməz formadan uzaqlaşır. Əvvəlki formalarını bərpa etmələri üçün yenidən vaxt lazım olacaq.

- Leandro Andrade bu gün dubla imza atdı. Artıq komandaya tam uyğunlaşıb?
- Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti çox yaxşıdır. Həm meydanda, həm ondan kənarda, həm məşqlərdə, həm də oyunlarda. Bunlar çox vacib amillərdir. Oyunumuza uyğun futbolçudur və şansından yaxşı istifadə edir. Amma xarakter, sima olaraq daha da böyüməlidir.

- Bədavi Hüseynovun uzun zədədən döndükdən dərhal sonra milliyə çağırılması birmənalı qarşılanmadı. Dəvət gəldikdən sonra onunla bu barədə söhbətiniz oldu?
-Düzdür, narahatlığım var idi. Əlbəttə, getməsini istəməzdim. Belə hallar bizdə çox olub. Əvvəllər də bu barədə fikirlərimi bildirmişəm ki, bəzi oyunçular getməsə daha yaxşı olar. Bəzən anlaşmışıq, bəzən anlaşmamışıq. Bədavi yox, Rüstəm Əhmədzadə ilə bağlı klub tərəfindən müraciət eləmişdik. Demişdik ki, bizimlə qalsa bəlkə daha yaxşı olar. Çünki formasından uzaq idi. Müəyyən səbəblərdən onda xeyli geriləmə olmuşdu. Burda qalsaydı, daha yaxşı olardı. Ancaq dedilər ki, oynayacaq. Yenə də razılıq əsasında oldu. Ancaq ora milli komandadır, çox üzərlərinə gedə bilmərik. Sadəcə, oyunçuya qarşı hansısa məqamda diqqətli olmaq baxımından fikrimizi bildirə bilərik. İstənilən halda doğru tərəf milli komandadır.