16:55 03-04-2022
news_image
112
FUTBOL

Sənan Qurbanov: “Onlarla görüşdə də başımıza belə şey gəlmişdi"

“Oyuna hazırlaşmışdıq. Bilridik ki, Qəbələ səfəri çox çətin olacaq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.

O, Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçından sonra mətbuat konfransına qatılıb. Qurbanov öncə 1:1 hesablı bərabərlik haqda fikirlərini açıqlayıb, sonra jurnalistlərin suallarını cavablandırıb: “Həm də komanda yaxşı formadadır. Baxmayaraq ki, son oyunlarda məğlub olub. Amma ilk “dördlük”dədir və oynadığı futbol da göz qabağındadır. Sadəcə biz də istəyirdik ki, məğlub olmayaq. İlk hissəni bizim hesabımıza yazmaq olar. İlk dəqiqələrdən topa nəzarət bizdə idi. Qol da vurduq. İlk hissədən sonra soyunub-geyinmə otağında da konsentrasiyadan danışdıq. Amma təəssüflər olsun ki, fasilədən az sonra qol buraxdıq. Bundan sonra oyun daha da aqressivləşdi və biz azlıqda qaldıq. Ondan sonra 40 dəqiqədən çox “Qəbələ”yə qarşı oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər. Səfərdə bir xal qazandıq. Artıq növbəti matçlara hazırlaşacağıq”.

- Hakimin hansısa qərarı nəticəyə təsir etdi?
- Fərid Hacıyev gənc hakimdir. Biz də istəyərik ki, gənc hakimlərimiz inkişaf etsinlər. Lakin ikinci hissədə sırf cərimələr, vərəqələr bizim tərəfə verilirdi. Qırmızı vərəqəyə baxmaq lazımdır. “Qəbələ”nin oyununa kölgə salmaq istəmirəm. Ruan Renato fit olmamış topu əlinə götürdü. Fitdən sonra əlinə götürə bilər. Belə xırda follar bizi bu vəziyyətə gətirib çıxardı. Aqressivləşdik. Nəticəyə deyə bilmərəm, amma qırmızı vərəqəyə soyuq başla baxmaq lazımdır. Orda qırmızı vərəqə yoxdursa, deməli əlbəttə nəticəyə təsir edib.

- İkinci hissəyə uğursuz başlamağın – qol və qırmızı vərəqənin səbəbi nə idi?
- Çox narahat idik. “Sumqayıt”la görüşdə də başımıza belə şey gəlmişdi. Məşqdə də danışırıq, üzərində işləyirik ki, 90 dəqiqə konsentrasiyalı olaq. Təəssüf ki, alınmadı. İlk hissədən sonra futbolçular nəfəs almada çətinlik olduğunu dedilər. Mənə elə gəlir ki, bu problemi aradan qaldıraq. Qol və qırmızı vərəqədən sonra oyunçular əzmkarlıq göstərdilər. Bu əzmkarlığa görə onlara təbrik etmək lazımdır.

- Hədəfsiz, məqsədsiz komandanı konsentrasiya etmək çətin deyil?
- Əlbəttə bilirik ki, heç bir komanda aşağı dəstəyə düşməyəcək. Amma heç kim sonuncu olmaq, heç kim məğlub olmaq istəmir. Çalışırıq bunu aşılayaq ki, hər görüş final kimidir. Biz məşqdə və oyunda inkişaf etməliyik. Çünki çempionat sona çatdıqca aqressivləşir. Hamının bizə 3 xal gözü ilə baxması bizə pis təsir edir. Ona görə futbolçulara deyirəm ki, heç kim bizə 3 xal gözü ilə baxa bilməz. Meydana çıxıb vuruşmalıyıq. Sonda nəticəyə baxarıq. İdman prinsipləri necə olur-olsun, biz inkişafımıza baxmalıyıq.