19:22 03-04-2022
news_image
271
FUTBOL

Samir Abasov: "Bu gün “Neftçi” adlı komanda yox idi" - MÜSAHİBƏ

“Ümumiyyətlə bu oyun turun ən mərkəzi və maraqla gözlənilən oyunlarından biri idi. Təəssüf ki, öz komandamdan yaxşı bir şey görmədim”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, Premyer Liqanın XXI turunun “Zirə” ilə görüşü (1:1) barədə fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb: “Çünki meydançada “Zirə” demək olar ki, bizdən daha üstün, daha yaxşı idi. Biz isə öz növbəmizdə həm komanda şəklində, həm ayrı-ayrılıqda heç nə göstərə bilmədik. İstər əsas heyətdə oynayan, istərsə də sonradan meydana girənlər. Çalışıram ki, bu vəziyyəti anlayım. Çünki ikinci ildir ki, belə hallarla rastlaşırıq. Millinin oyunları ilə bağlı fasilədən sonra yığmadan gələnlərin performansı komandamıza bilavasitə təsir edir. Ümumi komandanın durumu da həmçinin. Çox danışmaq da olmur. Nə isə oynayasan ki, danışasan. Bu gün “Zirə”nin baş məşqçisi daha çox danışa bilər. Çünki onun komandası bu gün “Neftçi”dən daha yaxşı idi”.

- Eddi İsrafilovun qırmızı vərəqə almasını 2 xal itkisində nə dərəcədə rolu oldu?
- 2 xal itkisində təkcə Eddi deyil, ayrı-ayrılıqda o gözünüzə çarpdı. Qırmızı vərəqə almaqda başqa iki oyunçunun da səhvi oldu. Biri ötürməni düz vermədi, Emin topa çatmadı və əks-hücum yarandı. Qırmızının olub-olmaması haqda danışmaq istəmirəm. Əgər epizodu xırdalayırıqsa, bəlkə də məcbur idi qırmızı almağa, bəlkə də yox. Amma ümumilikdə biz bu gün yox idik – uzun sözün qısası. “Neftçi” adlı komanda yox idi.

- Azər Əliyev azərbaycanlı olsa da, legioner statusu ilə oynayır...
- Mən də tutarlı cavab ala bilməmişəm. Bu, bizə yox, bizim komandaya təsir edir. Deyilənlərə görə özü də maraqlıdır. Oynamaq istəyir. Nə proses baş verirsə, klubdan, özündən, AFFA-dan soruşun. Əgər dəqiq cavab verilmirsə, deməli vəziyyət çətindir.

- Mirabdulla Abbasov ikinci komandaya göndərildi, orda qırmızı vərəqə aldı. Ora oyun praktikası qazanmaq üçün göndərilmişdi?
- Oyun praktikası üçün deyil. Mirabdulla bu gün bizə lazım deyil. Ona görə göndərmişik.

- İki xal itirilməsində sizin günahınız nə qədərdir?
- 100-də 100. Komanda oynamırsa və bu vəziyyətdədirsə, başda baş məşqçi dayanır. Eddini soruşanda, dedim onu ayırmayaq. Bu məsələlərə girməyək. Bu gün biz günahkarıq. Əlbəttə, baş məşqçi kimi bizik. Çalışıram ki, vəziyyəti anlayım. Mütəmadi belə şeylər baş verir. Bir şeyi xatırladım. Ötən il əla gedirik. Ən zəif oyunumuzu futbolçular milliyə gedib qayıdandan sonra keçirdik və “Sumqayıt”a 0:2 hesabı ilə uduzduq. Baş verir, olur. Amma olmalıdır? Xeyr, olmamalıdır. Çünki bizdən gedən oyunçular həm psixoloji baxımdan aşağı səviyyədə gəlirlər. Çünki Maltaya, Latviyaya uduzublar. Həddən artıq təzyiq, tənqid var. Bəlkə də onlar bu oyunda oynamamalıdır. Amma onlar da oynamasa, digərləri oynayıb onların yerini verəcəklərmi? Bu da sualdır.

- Emin Mahmudov ötən mövsüm və bu mövsümdəki oyununu necə müqayisə edərdiz?
- Son aylar performansında deməzdim, oyununda eniş var. Bu da birbaşa komandaya təsir edir. Bəlkə bunda ötən mövsümdəkinin yükü var. İlin oyunçusu seçildi, gözlər, nəzərlər üzərindədir. “Neftçi”nin yükünü daşıyır. Əvvəl Mamadu Kane, Sabir Buqrinlə bu yükü bölüşürdü. İndi tək daşımalı olur. Bəlkə bunun altına girib və çıxa bilmir. Üstəlik, avrokuboklarda oynadıq və millinin heyətində çıxış edir. Görünür ki, onun yaxşı və ya pis oynaması bizə necə təsir edir.

- “Neftçi” son dövrədə daha çox səfərdə oynayacaq. Bu amil necə təsir edəcək?
- Biz buna alışmışıq. Belə şeylər baş verir. Əlimizdən gələn bir şey yoxdur. Məcburuqsa, ot örtüyü dəyişməlidirsə, buna uyğun hazırlaşmalıyıq. Bu, bizim üçün bəhanə olmayacaq. Düşünürəm ki, “Neftçi” kimi komanda ev və səfər oyununu fikirləşməməlidir.

- Sabiq futbolçunuz Keysuke Honda klubsuz qalıb və karyerasını bitirmək istəmir. Oyunçuya ehtiyacınız var deyə bəlkə gətirəsiz ikinci olmaqda kömək etsin...
- Biz yenə də ikinciyik. Keysuke Honda gələndə də birinci idik, birinci də bitirdik. Honda gəlib bizi birinci etmədi. Biz qış çempionu kimi fasiləyə getmişdik. Qışdan sonra qayıdıb “Qarabağ”ı da udduq və belə davam etdik. Honda gəldi, bəs o biri oyunçular neylədi? Onların haqqına girməyək. Qismətdirsə, Honda ilə də ikinci ola bilərik, onsuz da. Bu gün onsuz da ikinciyik. Keysuke kimi oyunçuya əlbəttə ki, ehtiyacımız var. O cür təcrübəsi var. “Neftçi”nin qapıları onun kimi futbolçuya həmişə açıqdır. Amma inanmıram ki, bura qayıda. Çünki danışanda görmüşəm ki, daim yeni çempionatlar, yeni macəralar axtarır. Yeni ölkə, yeni mədəniyyət görmək istəyir. Bunların dalınca qaçır. O, bura gələndə də şahid olduq ki, futboldan kənar çox şey öyrənməyə çalışırdı. Ona görə düşünmürəm ki, gəlmək istəsin.

- İndi ikinci pillədəsiz. Bu pilləni qorumaq şansınız neçə faizdir?
- Faizi kənar qoyaq, çalışacağıq. Kubok da daxil olmaqla bugünkü matçadək ardıcıl 6 qələbə qazanmışdıq. Həmin qarşılaşmalardan sonra mətbuat konfranslarında bu qədər sual verilmirdi. “Salam, əleykum salam” və çıxıb gedirdik. Bu gün heç-heçə və bu qədər suallar verildi. Yəni bu bir oyun bizim gücümüzün göstəricisi deyil. Anlamaq istədiyim məsələlər var: yorğunluq, psixoloji təsir. Bunları gələn oyuna kimi aradan götürəcəyik. Yenə də yolumuza davam edəcəyik.

- “Neftçi”nin baş məşqçiləri həmişə milli barədə nəsə deyiblər. Siz nə deyərsiz?
- Mən digər məşqçilərdən fərqli millidən danışmayacam.

- Oruc tutan futbolçular var. Bu onlara necə təsir edəcək?
- Futbolçu oruc tuta-tuta oynayırsa, 100-də 100 təsir edəcək. Amma bu matç üçün belə bəhanə keçərli deyil. Bildiyim qədər rəqibin heyətində aşağı-yuxarı bizdəki qədər oruc tutanlar var. Deməzlər ki, onlar oruc tutmur ki? Amma ümumi götürəndə təsir edəcək. Biz məşqçilər bacardığımız qədər işlər görə bilərik. Məsələn mən oruc tutanlara tapşırmışam ki, məşq zamanı özlərində problem hiss etsələr, məşq etməsinlər. Belə şeylər demişik. Nə qədər mümkündürsə. Bunun qabağını da kəsə bilərik. Özümüzə də təsir edir.