10:30 13-04-2022
news_image
130
FUTBOL

“Kəpəz”in sabiq baş məşqçisi: “Bölgə futbolu kağız üzərində olmasın”

“Hamı istəyir ki, bölgədə futbol olsun. Gəncə və Tovuzun Premyer Liqaya qayıdışının gündəmdə olması bu baxımdan müsbət məqamdır”.

Bunu apasport.az saytına açıqlamasında “Kəpəz”in sabiq futbolçusu və baş məşqçisi Mahmud Qurbanov deyib.

Hazırda “Neftçi”nin əvəzedici komandasını çalışdıran 49 yaşlı mütəxəssis I Divizion klubları “Kəpəz” və “Turan Tovuz”un gələn mövsümdən Premyer Liqaya cəlb olunması məsələsinə münasibət bildirib: “Kəpəz” və “Turan Tovuz”un elitaya buraxılması digər bölgə komandaları üçün də stimul olacaq. Düşünəcəklər ki, o biri mövsümdən onlar da çempionatda iştirak hüququ qazana bilərlər. Məncə, bu addımı atmağa hələ gecikmişik. Təbii ki, bu komandalardan ilk mövsümündə iddialı olmağı gözləmək düzgün çıxmaz. Hər ikisində Premyer Liqa üçün hələ komanda formalaşmalıdır. Düzdür, buna vaxt lazımdır. Digər tərəfdən vaxtı da həmişə bəhanə edirik”.

Qurbanov hesab edir ki, məqsəd sadəcə elitada komanda sayını artırmaqdırsa, doğru addım deyil: “Hamımız deyirik ki, bölgələrdə futbol olsun. Amma bu, kağız üzərində olmasın. Bu komandalara şərait yaratmaq, normal maliyyə ayırmaq lazımdır. Bunları etmədikdən sonra sırf bölgədə Premyer Liqa klubu olsun düşüncəsi ilə onları elitaya cəlb etmək heç bir effekt verməz”.

Mütəxəssis adının bir ara “Kəpəz”in baş məşqçi postuna hallanmasına da toxunub. O bildirib ki, istənilən məşqçi hər an hər şeyə hazır olmalıdır: “Vaxtilə “Kəpəz”də oynamışam, bu komandadakı çıxışımla tanınmışam. “Kəpəz” mənim üçün doğma yerdir. Amma məşqçinin seçim hüququ yoxdur. Komanda seçmək heç vaxt bizdən asılı olmur. Gəncə klubundan şəxsən mənə bir təklif olmayıb. Komandanın Premyer Liqaya vəsiqəsi hələ rəsmiləşsin. Bizdə deyirlər ki, məşqçinin çamadanı qapının ağzında olur, həmişə gözləyirik və getməyi düşünürük”.