00:00 27-04-2022
news_image
2166
FUTBOL

Milli rəsmisi: “Yığmamız yaxşı çıxış eləmir”

“Millinin nəticələri heç də ürəkaçan deyil. Hər şey göz önündədir”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu İlqar Qurbanov deyib.

Hazırda millinin skautu vəzifəsini icra edən Qurbanov komandanın durumunun yaxşı olmadığını etiraf edib: “Desək ki, milli ilə bağlı hər şey yaxşıdır, bizə yaraşmaz. Yığmamız yaxşı çıxış eləmir. Yoldaşlıq görüşündə Latviyaya uduzmaq yaxşı hal deyil. Bu, əvvəlki Latviya deyil ki, final mərhələsi uğrunda mübarizə aparsın. İndi çox zəifdirlər. Hazırkı durumda bir qələbə qazanırıq, üç dəfə məğlub oluruq. İllərdir bu temp davam edir. Bizim vaxtımızda da belə idi. “Ona uduzuruq, bunu uda bilmirik” kimi fikirlərlə vaxt itirməməli, inkişaf yolları axtarmalıyıq”.

36 yaşlı mütəxəssis millinin baş məşqçisi Canni de Byazinin uzun müddət müzakirə olunan açıqlamasına da münasibət bildirib. O, italiyalı çalışdırıcının futbolçuları xaraktersiz və qorxaq adlandırmasının doğru olmadığını deyib: “De Byazinin o fikri səsləndirib-səsləndirmədiyi məlum deyil. Çünki sonradan dedilər ki, belə açıqlama verməyib. Əlbəttə ki, baş məşqçinin bu cür danışmağı düzgün deyil. Əgər deyibsə, xoşagəlməz haldır. Ancaq müsahibənin düzgün tərcümə olunmadığını deyirlər”.

İlqar Qurbanov yığmamızın iyunda startı veriləcək Millətlər Liqasındakı şanslarını da dəyərləndirib. O, C Liqasının III qrupunda qərarlaşan komandamızın işinin çətin olacağını düşünür: “Qrupun favoriti Slovakiyadır. Qazaxıstan və Belarus isə qarşılaşdığımız rəqiblərdir. Çətin olsa da, onlarla mübarizə aparmaq olar”.