11:41 02-05-2022
news_image
2758
FUTBOL

XXV tur: “Qarabağ” çempionluğu, “Zirə” bürüncü təmin edə bilər

Sabah Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşə bilər.

Apasport.az saytının məlumatına görə, “Qarabağ” XXV turun ilk oyun günündə qızıl medalı təmin etməyə çalışacaq.

Ağdam təmsilçisi Konfrans Liqasına iddialı “Sabah”ı qəbul edəcək. Qurban Qurbanovun kollektivinə “Azersun Arena”da doğma azarkeşləri önündə çempionluğu rəsmiləşdirmək üçün məğlub olmamaq kifayət edəcək. Qalibiyyət və ya bərabərlik təqdirində “Qarabağ” son 9 mövsümdə 8-ci, ümumilikdə isə 9-cu çempionluğuna qovuşacaq.

“Qarabağ” heç-heçə etsə və qalan görüşlərdə uduzsa, “Neftçi” isə maksimum nəticə göstərsə, sonda xallar bərabərləşəcək. Belədə şəxsi oyunlara baxılır ki, “Qarabağ” burada üstündür. Çünki “köhlən atlar” mövsümün ilk üç dövrəsinin hər birində “ağ-qaralar”ı məğlub edib.

“Qarabağ” hətta uduzmaqla da qızıl medalları rəsmiləşdirə bilər. Bunun üçün isə bir gün sonra “Neftçi” səfərdə “Sumqayıt”a qalib gəlməməlidir.

Bu turda həmçinin Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komanda müəyyənləşə bilər. “Qarabağ” “Sabah”ı məğlub edərsə, ertəsi gün də “Zirə” doğma arenasında “Qəbələ”yə qalib gələrsə, minimum bürünc medalı təmin edəcək. Bu da zirəliləri Konfrans Liqasına daşıyacaq.

Bir sözlə, hər hansı bir sürpriz baş verəməsə, artıq XXV turda “Qarabağ” Çempionlar Liqasına, “Neftçi” və “Zirə” isə Konfrans Liqasına vəsiqə qazanacaq.