23:28 19-10-2008
news_image
403
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız Yunanıstanda “sülh” bağladılar

Bakı. Aqşin Əliyev - APA-Sport. Yunanıstanın Kallitea şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa Kubokunda 3-cü turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Vüqar Həşimovun çıxış etdikləri komandalar, müvafiq olaraq “Alkaloid” (Makedoniya) və “Aşdod” (İsrail) qarşılaşıblar. Hər iki həmvətənimiz birinci taxtada yer aldığından məhz bir-birlərinə qarşı mübarizə aparıblar.

Şəhriyarla Vüqar heç-heçəyə razılaşıb. Yekun nəticə isə fərqli olub. “Aşdod” “Alkaloid”ə 4,5:1,5 hesabı ilə qalib. Digər şahmatçımız, Rusiya “Ural”ının lideri Teymur Rəcəbov isə istirahət edib. Onun komandası asanlıqla Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu üstələyib - 5,5:0,5.

Üç turdan sonra “Ural” 6 xalla zirvədə qərarlaşıb. Liderdən 1 xal geri qalan “Aşdod” 11-ci sıradadır. Aktivində 3 xal olan “Alkaloid” isə 28-ci yeri tutur. Bu gün növbəti turda “Ural” “Mika”nı (Ermənistan), “Aşdod” “Tessaloniki”ni (Yunanıstan), “Alkaloid” “Bronsoy Skakforeninq”i (Danimarka) sınağa çəkəcək. 33 ölkədən 64 kollektivin yarışdığı Avropa Kuboku oktyabrın 24-də yekunlaşacaq.