18:10 20-10-2008
news_image
506
DİGƏR NÖVLƏR

Milli komandanın 7 üzvünə 2 illik cəza

Bakı - APA-Sport. Rusiya Yüngül Atletika Federasiyasının rəhbərliyi milli komandanın 7 üzvünü 2 illik diskvalifikasiya edib. “APA-Sport”un məlumatına görə, Yelena Soboleva, Darya Pişalnikova, Gülfiyə Hənəfiyeva, Tatyana Tomaşova, Yuliya Fomenko, Svetlana Çerkasova və Olqa Yeqorova dopinq-testlərin nəticələrini dəyişdirməkdə günahlandırılırlar.

Məsələ burasındadır ki, adıçəkilən idmançılar 2007-ci ilin yazında dopinq yoxlamadan keçiblər. Atletlərdən həmin ilin avqustunda Yaponiyada təşkil olunan dünya çempionatı zamanı növbəti dəfə analiz götürülüb. Ancaq bu ilin iyulunda keçirilən təkrar dopinq-testin nəticəsinə əsasən, birinci yoxlamanın düzgün olmadığı, nəticələrin dəyişdirildiyi aşkarlanıb.

Hər 7 idmançı 2 illiyə daxili və beynəlxalq yarışlarda iştirakdan uzaqlaşdırılıb. Onların arasında ən məşhuru Yelena Sobolevadır. O, məhz dopinq qalmaqalı ucbatından Pekin Olimpiadasına buraxılmamışdı. Halbuki Yelena 800 və 1500 metr məsafələrə qaçışda olimpiadanın qızıl medalına əsas namizəd sayılırdı. Diskvalifikasiya edilənlərin cəza müddəti artıq 2009-cu ilin yazında başa çatacaq ki, bu da onlardan ilk analizin ötən ilin müvafiq dövründə götürülməsi ilə bağlıdır.