10:26 21-10-2008
news_image
452
STOLÜSTÜ OYUNLAR

Rəcəbovun komandası ermənilərlə bacarmadı

Bakı. Kənan Həsənov - APA-Sport. Yunanıstanın Kallitea şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa kubokunda IV turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, hesabat turu Teymur Rəcəbovun çıxış etdiyi “Ural”ın gözlənilməz məğlubiyyətlə yadda qalıb.

Reytinq favorit olan Rusiya çempionu Ermənistanın “Mika” klubuna 2,5:3,5 hesabı ilə uduzub. Rəcəbov rəqibin lideri, “körpə” ləqəbli Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb. Digər iki həmyerlimizin yer aldıqları komandalar isə qələbə qazanıblar.

Şəhriyar Məmmədyarovun lideri olduğu “Alkaloid” (Makedoniya) Danimarkanın “Bronsoy Skakforeninq” klubunu darmadağın edib - 6:0. Birinci lövhədə çıxış edən Şəhriyar Yakob Karstenseni üstələyib. Vüqar Həşimov hesabat turunu kənardan izləsə də, şərəfini qoruduğu “Aşdod” (İsrail) “Saloniki”yə (Yunanıstan) 4,5:1,5 hesabı ilə qalib gəlib.

Dörd turdan sonra “Aşdod” 7 xalla 5-ci pillədə qərarlaşıb. Hesabında 6 xal olan “Ural” 6-cı, 5 xala malik “Alkaloid” 19-cu yeri tutur. Bu gün növbəti turda “Aşdod” Rusiyanın “Ekonomist”, “Ural” Xorvatiyanın “Zaqreb”, “Alkaloid” isə İslandiyanın “Bolunqarvik” klubunu sınağa çəkəcək.

Qeyd edək ki, 33 ölkədən 64 kollektivin yarışdığı Avropa kuboku oktyabrın 23-də yekunlaşacaq.