12:05 23-10-2008
news_image
480
STOLÜSTÜ OYUNLAR

Rəcəbovun komandası ikinci pillədə

Bakı. Kənan Həsənov - APA-Sport. Yunanıstanın Kallitea şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa kuboku başa çatmaq üzrədir. “APA-Sport”un məlumatına görə, VI turdan sonra Almaniyanın “Baden-Baden” kollektivi 11 xalla liderliyini davam etdirir. Azərbaycanlı qrossmeysterlərdən isə yalnız Teymur Rəcəbovun lideri olduğu “Ural” (Rusiya) mükafatçılar sırasında yer almaq şansını saxlayıb.

Hesabat turunda Vüqar Həşimovun şərəfini qoruduğu “Aşdod”la (İsrail) qarşılaşan “Ural” çətin qələbə qazanıb - 3,5:2,5. Rəqib qismində birinci lövhədə mübarizə aparan Rəcəbovla Həşimov isə heç-heçəyə razılaşıblar.

Şəhriyar Məmmədyarovun “Alkaloid” klubu hesabat turunda “sürpriz”ə imza atıb. Belə ki, Makedoniya təmsilçisi gözlənilmədən İsarilin “Veer Şaba” klubuna 2:4 hesabı ilə uduzub və medal qazanmaq şansını itirib. Qrossmeysterimiz rəqibin lideri Aleksandr Huzmanla heç-heçə oynayıb.

Bu gün keçiriləcək VII turun görüşləri ilə Avropa kubokuna yekun vurulacaq. 10 xalla ikinci pillədə yer alan “Ural” Almaniyanın “Mulheym” klubu ilə qarşılaşacaq. “Aşdod” (8 xal) İsveçrənin “Şahfrunde”, hesabında 7 xal olan “Alkaloid” isə Norveçin OSS komandası ilə oynayacaq.