10:13 24-10-2008
news_image
543
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Avropa kubokunu qazandı

Bakı. Kənan Həsənov - APA-Sport. Yunanıstanın Kallitea şəhərində keçirilən klublararası Avropa kubokuna yekun vurulub. “APA-Sport”un məlumatına görə, yarışın qalibi Azərbaycan yığmasının lideri Teymur Rəcəbovun da şərəfini qoruduğu Rusiyanın “Ural” komandası olub.

Bu kollektivin həlledici turda Almaniyanın “Mulheym” klubu üzərində 4,5:1,5 hesablı qələbəsi birinci yeri tutmaq üçün kifayət edib. Belə ki, bunadək turnir cədvəlinə başçılıq edən digər Almaniya təmsilçisi “Baden-Baden” son görüşdə qələbə qazana bilməyib. Yekunda hər iki komandanın hesabında 12 xal olsa da, “Ural” ayrı-ayrı şahmatçıların əldə etdiyi xalların hesabına rəqibini üstələyib. Üçüncü dəfə çempionluq sevinci yaşayan Rəcəbov son görüşdə fransalı Maksim Vaşyer-Laqrevlə “sülh” bağlayıb.

Hələ ötən turda mükafatçılar sırasında yer almaq şanslarını itirən digər həmyerlilərimizin komandaları da turniri qələbə qazanmaqla tərk ediblər. Vüqar Həşimovun şərəfini qoruduğu “Aşdod” (İsrail) İsveçrənin “Şahfrunde” klubunu darmadağın (6:0) edərək 10 xalla 8-ci olub. Qrossmeysterimiz isə son görüşdə Jan-Noel Riffi üstələyib.

Şəhriyar Məmmədyarovlu “Alkaloid” (Makedoniya) Norveçin OSS klubuna qalib gəlib - 3,5:2,5. Rəqibin lideri Lüdviq Hammerlə heç-heçə oynayan Şəhriyar komandasının hesabına yarım xal yazdırıb. Nəticədə “Alkaloid” turniri 9 xalla 14-cü pillədə başa vurub.

Qeyd edək ki, Rəcəbov 2002-ci və 2004-cü illərdə müvafiq olaraq, “Bosna” (Bosniya və Hersoqovina) və NAO (Fransa) klublarının heyətində də çempion olub. 21 yaşlı qrossmeysterimiz, həmçinin 2006-cı ildə “Ladya”nın (Rusiya), 2007-ci ildə “Ural”ın tərkibində gümüş, 2005-ci ildə NAO ilə bürünc medala sahib çıxıb.