17:05 29-10-2008
news_image
562
DİGƏR NÖVLƏR

Azərbaycan çempionu yenə “qızıl oyun”da müəyyənləşəcək

Bakı. Aqşin Əliyev - APA-Sport. Kişilərdən ibarət otüstü hokkey klubları arasında növbəti Azərbaycan çempionu “qızıl oyun”da müəyyənləşəcək. Bu haqda “APA-Sport”a Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib.

Bu gün keçirilən son turda “Atasport” “Akkord”a qalib gəlib - 3:2. Nəticədə hər iki komandanın xalı bərabərləşib. Belə ki, axırıncı tur ərəfəsində “Akkord” rəqibini 3 xal qabaqlayırdı. Paytaxt hokkeyçilərini bugünkü qarşılaşmada heç-heçə də qane edirdi. Ancaq “Atasport”un qələbə qazanması çempionatın daha 3 gün uzanmasına səbəb olub. “Qızıl oyun” noyabrın 1-də saat 14:00-da Respublika Otüstü Hokkey Kompleksində başlanacaq.

Qeyd edək ki, milli çempionatlar tarixində indiyədək bir dəfə “qızıl oyun”a ehtiyac duyulub. Cari mövsümün yekunlarından asılı olmayaraq, 2009-cu ildə avrokuboklarda ölkəmizin şərəfini “Atasport”la “Akkord” qoruyacaq. Qadınlar klublarından isə “Atasport” və gümüş mükafatçı “Bakı” qitə miqyaslı turnirə qatılacaq.