16:29 31-10-2008
news_image
512
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov olimpiya çempionu olmaq istəyir

Bakı. Kənan Həsənov - APA-Sport. “Bu turnir mənim üçün çox vacib idi. Ənənəvi xarakter daşıdığından mümkün qədər iştirak etməyə çalışıram”. Bu fikirləri “APA-Sport”a açıqlamasında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov söyləyib.

Fransanın Korsika adasında təşkil olunan blits-turnirdə qalib gələn 23 yaşlı qrossmeyster ciddi rəqabətlə üzləşmədiyini bildirib: “Təşkilatçılar məni yarışın final mərhələsinə dəvət etmişdilər. Dörd rəqibimə qarşı 8 oyun keçirdim. Bunların 7-də qələbə qazanıb, bir dəfə heç-heçə oynadım”.

Məmmədyarov növbəti planları barədə də danışıb. O, əsas hədəfinin blits üzrə dünya çempionatında və şahmat olimpiadasında uğur qazanmaq olduğunu deyib: “Dünya çempionatı noyabrın 7-8-də Almatı şəhərində keçiriləcək. Bu yarışda mümkün qədər yaxşı nəticə göstərməyə çalışacağam. Noyabrın 12-də Drezdendə başlayacaq olimpiadada isə komanda şəklində qələbəyə ümid edirəm. Heyətimiz çox güclüdür, olimpiya çempionu ola bilərik. Yarışın favoritlərindən sayılırıq, əsas rəqibimiz isə Rusiya yığmasıdır”.