11:06 03-11-2008
news_image
781
DİGƏR NÖVLƏR

“Akkord”un hokkeyçilərinə mənzil, maşın və pul veriləcək

Bakı. Aqşin Əliyev - APA-Sport. Otüstü hokkey üzrə kişilərdən ibarət klublar arasında VIII Azərbaycan çempionatı başa çatıb. “APA-Sport”un məlumatına görə, yekunda “Akkord”la “Atasport” eyni xal topladığından, yarışın qalibi “qızıl oyun”da müəyyənləşib.
Həlledici matçın taleyini bir qol həll edib. 11-ci dəqiqədə rəqib qapısına yol tapan Saleh Balamiyev “Akkord”a qızıl medalları qazandırıb. Bununla da, sözügedən komanda ardıcıl ikinci dəfə ölkə çempionu tituluna yiyələnərək, avrokuboklarda iştirak hüququna yiyələnib.
Çempionluq münasibətilə klubun sponsoru “Akkord” Şirkətlər Qrupunun rəhbərliyi hokkeyçilərə qiymətli hədiyyələr təqdim edəcək. Komandanın 2 oyunçusuna mənzil, digər 2 üzvünə avtomobil, qalan hokkeyçilərə isə pul mükafatı veriləcək.
Qeyd edək ki, “Akkord”çulara ötən il də qiymətli hədiyyələr bağışlanmışdı. Həmin vaxt “Akkord” Şirkətlər Qrupu müdafiəçi Əsgər Əsgərovu “Abşeron Gənclər Şəhərciyində” 1 otaqlı mənzil, yarımmüdafiəçi Saleh Balamiyevi VAZ 2107 markalı avtomobil, komandanın qalan 14 oyunçusunun hər birini isə 1000 manat pulla mükafatlandırmışdı.