12:19 04-11-2008
news_image
652
STOLÜSTÜ OYUNLAR

“Rəcəbov şahmat dünyasını şoka sala bilər”

Bakı. Kənan Həsənov - APA-Sport. “Klassik oyunun favoritləri heç də həmişə blitsdə uğur qazana bilmirlər. Bu səbəbdən dünya çempionatında istənilən şahmatçı birinci ola bilər”. “APA-Sport”un məlumatına görə, bu fikirlər noyabrın 7-də Qazaxıstanın Almatı şəhərində start götürəcək blits üzrə dünya çempionatının rəsmi İnternet saytında yer alıb.

Dünya çempionatına qatılacaq 16 qrossmeysterin şansını dəyərləndirən həmkarımız Antonina Kukayeva favoritlər sırasında yığmamızın lideri Teymur Rəcəbovun da adını çəkib: “Şübhəsiz ki, qələbəyə əsas namizədlər Vasili İvançuk, Aleksandr Qrişuk və Aleksandr Morozeviçdir. Amma iki nəfəri də hesabdan silmək olmaz. Şahmat dünyasını 21 yaşlı Teymur Rəcəbov şok edə bilər. 15 yaşında ikən Linaresdə Harri Kasparovu məğlub edərək, aləmə səs salan azərbaycanlı qrossmeyster uzun müddətdir elitada möhkəmlənib. ABŞ şahmatçısı Qata Kamskinin də qələbə şansı yüksəkdir”.

Qeyd edək ki, noyabrın 8-də başa çatacaq yarışda adıçəkilən şahmatçılarla yanaşı, həmyerlimiz Şəhriyar Məmmədyarov, eləcə də Sergey Rublyovski, Pyotr Svidler (hər ikisi Rusiya), Boris Qelfand (İsrail), Yudit Polqar (Macarıstan), Vladislav Tkaçyov (Fransa), Lenyer Dominqes (Kuba), Rafael Vaqanyan (Ermənistan), Murtaz Kajqaleyev (Qazaxıstan), Bassem Amin (Misir) və Krişnan Şaşikiran (Hindistan) da mübarizə aparacaq. Dairəvi sistemlə keçiriləcək dünya çempionatının mükafat fondu 350 min İsveçrə frankına bərabərdir. Yarışın qalibinin qazancı isə 80 min frank təşkil edəcək.