18:57 04-11-2008
news_image
585
STOLÜSTÜ OYUNLAR

Ağ və qara fiqurlar

Bakı - APA-Sport. Bu gün Milli Bankda (MB) Şahmat Olimpiadasına yollanacaq Azərbaycan milli komandasının üzvləri ilə görüş təşkil edilib. Amma buna görüş deməyə adamın heç dili də gəlmir. Bir sadə məntiqlə ki, ölkə idmanının təbliğinin keşiyində dayanan əksər KİV təmsilçilərinin üzünə MB-nin qapıları bağlı qalıb. Daha doğrusu, onları sayıb dəvət edən olmayıb. Yalnız bəzi həmkarlarımıza tədbir keçirilən zalın bir küncündə yer tapmaqda çətinlik çəkməyiblər.

Maraqlıdır, Şahmat Federasiyasının mətbuat xidməti toplantının MB tərəfindən təşkil olunduğunu və bu səbəbdən də onların müəyyənləşdirdiyi jurnalistlərin dəvətlilər arasında yer aldığını bildirir. Amma deyəsən, federasiyada oturanlar görüşün sırf şahmatla bağlı olduğunu qulaqardına vurmağa çalışırlar. Bu, öz yerində! Məsələ ondadır ki, yığıncağın keçiriləcəyi haqda xəbər də bir müddət gizli saxlanılıb. Şəxsən bizə bu haqda, tədbir başlayandan bir neçə dəqiqə sonra məlumat verilib. Elə bu səbəbdən bizdə MB divarları arasında hansısa dövlət əhəmiyyətli məsələnin müzakirə edilməsi haqda təsəvvür formalaşdı. Təbii ki, bu, bir zarafatdır. Amma məsələnin əsl mahiyyətinə vardıqda, Şahmat Federasiyasının idman jurnalistlərinə biganə və hörmətsiz davrandığı aydınlaşır.

Görəsən, bu tədbirin işıqlandırılmasında qorxulu nə isə varmı? Dəvətli olmadığımızdan bu suala konkret cavab verə bilmirik. Amma yəqin ki, federasiya rəsmiləri məntiqli izah əvəzinə nə isə uydurmağa cəhd göstərəcək. Bunu etmək onlar üçün çətin olmamalıdır. Bəyəm, vitse-prezident Faiq Həsənovu tanımırıq? O Faiq Həsənovu ki, hansısa məsələ haqda münasibətini öyrənmək istəyəndə, bir il öncə yazılanlardan danışır, buna haqsız etiraz edir...

Bizim üçün isə çox çətindir. Federasiya rəhbərliyinin ikili standartlardan çıxış etməsini nəzərdə tuturuq. Və deyəsən, bu “siyasət” hələ çox davam edəcək. Çünki federasiyada oturanlar jurnalistləri ağ və qara fiqurlara bölüb. Birinci rəngə bulaşanlar isə həmişə cüzi də olsa, müəyyən üstünlüyə malikdirlər. Yarış meydanında olduğu kimi...

Oyunun sonunda şah da, vəzir də, piyada da eyni qutuya qoyulur, cənablar!