Rəcəbov dünya çempionu ola bilmədi
Bakı. Aqşin Əliyev – APA-Sport. Qazaxıstanın Almatı şəhərində blits üzrə dünya çempionatı keçirilib. “APA-Sport”un məlumatına görə, 350 min İsveçrə frankı mükafat fondu olan yarışa qatılan Azərbaycan yığmasının üzvləri - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov medalsız qalıblar.
Çempionatda ümumilikdə 16 şahmatçı qüvvəsini sınayıb. Burada bizim idmançılarla yanaşı, Vasili İvançuk (Ukrayna), Aleksandr Morozeviç, Sergey Rublyovski, Aleksandr Qrişuk, Pyotr Svidler (hamısı Rusiya), Boris Qelfand (İsrail), Yudit Polqar (Macarıstan), Vladislav Tkaçyov (Fransa), Lenyer Dominges (Kuba), Rafael Vahanyan (Ermənistan), Murtaz Kajqaleyev (Qazaxıstan), Qata Kamski (ABŞ), Bassem Amin (Misir) və Krişnan Şaşikiran (Hindistan) öz bacarıqlarını nümayiş etdiriblər.
Turnirin favoritləri sırasında göstərilən Rəcəbov 15 mümkün xaldan 9,5 xal toplayaraq, 6-cı yerlə kifayətlənib. Eyni miqdarda xal yığan Məmmədyarov isə əmsallar cədvəlinə görə, 5-ci pillədə qərarlaşıb. Həmvətənlərimizin öz aralarındakı görüş heç-heçə nəticələnib. Çempion tituluna 11,5 xalla Lenyer Dominges yiyələnib.